Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

İblis

  148

"...Cin, şeytan

görürəm, qorxmuram..."
İblis xislətli insanları
görürəm, qorxuram

 Vəllahi, billahi yalan danışmaqdan lap çox qorxuram. Bilənlər məni bağışlasın, mənim bildiyim, eşitdiyim qədəri İBLİS cinin də, şeytanın da babasıdır.

Son vaxtlar gördüklərimə, eşitdiklərimə, müşahidə etdiklərimə əsasən belə deyə bilərm ki, bu gün ölkəmizdə babalar-İBLİSLƏR, nəvələrdən daha çoxdurlar. Gərək ki, əksinə olaydı, çünki CİNLƏ, ŞEYTANLA yenə də dil tapmaq olar, bu qoca İBLİS ki var, Allah hamını ondan qorusun, Amin!

Bu gün adına insan dediyimiz məxluqatlar içində zahiri MƏLƏK, batini İBLİS olan o qədər zatlara rast gəlirsən ki, lap çaşıb qalırsan. Allahın bir insan olraq yaratdığı zat da, öz əməli ilə İBLİS olarmış, İlahi!

Mən bu yazıda din barədə böyük fəlsəfə açmaq niyyətindən çox uzağam, amma və lakin bəzi məqamları qeyd etməmək də mümkün deyil.

Bizim dahi mütəfəkkirlərimiz, alimlərimiz, üləmalarımız sübut ediblər ki, Allah, yaxud Allah xofu insanın içində-qəlbində olmalıdır. Əgər insan vasvasıdırsa, hər şeyə şəkk-şübhə ilə yanaşırsa, qəlbindəki həmin yeri İBLİS zəbt edir. Bu gün gördüklərimə, müşahidə etdiklərimə əsaslanaraq belə qənaətə gəlmək zorundayam ki, dünyanın bütün İBLİSLƏRİ məmləkətimizə cəm olunublar. Bu da səbəbsiz deyil. Vəsvəsə, şəkk-şübhə ilk öncə o yerdə yaranır ki, orada yalan ayaq tutub yerimir, qaçır, hətta uçur belə...

Haqq-ədalət, düzlük isə qəhətə çıxır.
"...Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun,
Millət düyünün açmağa himmət gərək olsun.
Min elm deməkdənsə, həmiyyət gərək olsun,
Sözdən nə bitər, işdə həqiqət gərək olsun!..."

 Bu səbəbdən də insanların qəlbində daha çox şəkk-şübhə vəsvəsə üçün yer ayrılır ki, bu da iBLİS üçün ən münbit şəraitdir. Yəni, harada şübhə, vəsvəsə var, orada heç şəksiz ki, İBLİS də var.

Məsələn, çoxdan tanıdığın, əməlinə, əqidəsinə, ziyalılığına, həyatsevərliliyinə, insansevərliyinə, səmimiliyinə şübhə etmədiyin bir insanın intihar etdiyini eşidirsən. Səbəb? Səbəbi bəlli deyil... Hüquqi baxımdan desək, "intihar həddinə çatdırma" maddəsi ila araşdırma aparılır. Bu günə kimi, heç eşitmisinizmi ki, bu araşdırma sona çatdırılsın, kimsə cəzalandırılsın, əsla! Çünki cəzalandırılması mümkün deyil, İBLİSİ necə cəzalandıracaqsan?

Bəzən də görürsən ki, çox güvəndiyin, bütün dərd, sərini bölüşdüyün insanın daxilinə İBLİS girib (məmləkətdə İBLİS bolluğudur da, o da harasa girməlidir ki, əməlini yerinə yetirsin) və onu tanımaq mümkün deyil. Danışığı, davranışı, hətta sifət quruluşu dəyişib-İBLİSLƏŞİB. Səbəb? Səbəbi məlum deyil. Əslində, məlum olmayan bir şey yoxdur-ölkədəki sosial vəziyyət, maddi sıxıntılar və bunun fonunda tüğyan edən harınlıq. Harınlıq, özbaşınalıq özü də bir növ İBLİS xislətindən irəli gəlir. Çünki bugünkü harınlar kimi, İBLİS də özünün insanlaradan yüksək, uca bir məxluq kimi göstərməyə çalışır. Bunu bacarmadığı halda isə öz xislətinə yaxın olan həmin harınların qəlbinə girərək, öz əməllərini gerçəkləşdirməyə nail olur...

Yazının əvvəlində də qeyd etdim ki, bu heç də dinlə bağlı bir məsələ deyil və buna inanmaq istərdim. Lakin dinə sığınaraq, din pərdəsi altında, Allahın adı ilə pərdələnərək İBLİSLİK edənləri görəndə, artıq çaşıb qalırsan və çıxış yolu tapa bilmədinin halda, İBLİS səni ən ağır günaha - intihara təhrik edir. Bununla da insanlara sübut etməyə çalışır ki, ALLAH səni bəşər övladı kimi yaratdı, amma mən səni şəkk-şübhə, vəsvəsə ilə yoldan azdırdım və məhv etdim.

  1. H. Cavid demişkən:
    İBLİS nədir?-cümlə xəyanətlərə bais...
    Ya hər kəsə xain olan insan nədir?-İBLİS

Əlqərəz, soruşsanız ki, bu yazını nə üçün yazdım, cavab verməyəcəyəm. Çünki bilmirəm. "Bilmirəm" sözü isə İBLİSİN ən xoşladığı sözdur. "Bilmirəm" deyən insanın qəlbində şəkk olur və bundan istəfadə edən İblis, onun qəlbinə girməyi bacarır.

Çalışın özünüzü İBLİS xislətli məxluqlardan qoruyun, onlara insan deməyə dilim gəlmədi...