“Əvvəl 221 manat pensiya alırdısa, indi 550 manat alır...”



 

Gələn il pensiyanın azalması məsələsi olmayacaq.  “Qafqazinfo” xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O qeyd edib ki, bu barədə KİV-də əsassız məlumatlar yayılıb:

“Bildiyiniz kimi, artıq pensiyaların baza və sığorta hissəsi yoxdur. Artıq pensiyanın tam məbləğinə artımlar ediləcək.  Bizim iyul ayından bəri hesablamalar da göstərir ki, əmək pensiyalarında artım müşahidə edilib. Bu yaxınlarda bir nəfər mənə təşəkkür etdi. O dedi ki, anası İqtisadiyyat Universitetində işləyir. Əvvəl 221 manat pensiya alırdısa, artıq dəyişikliklərdən sonra bu rəqəm 550 manat olub”.

Nazir həmçinin əlavə edib ki, indiki Ünvanlı Sosial Yardım Sistemi hər bir ailəyə bizə müraciət etmək üçün imkan verir: “ Biz bu qanuna dəyişiklik etməliyik. O ailələri saxlamalıyıq ki, orada əməkqabiliyyətli şəxslər yoxdur. Biz bu təkliflər üzərində işləyirik. Bu yaxınlarda Prezident Administrasiyasına və Nazirlər Kabinetinə təkliflərimizi göndərəcəyik”.

Günel Türksoy