Abşeronda daha bir vəhşilik: xanım başçı şəhid anasının evini başına yıxdı- Video



 

 
Bu ölkədə şəhid anasına bir qarış torpağın üstündə daxma tikmək də qadağan imiş. Bu ölkə uğrunda canını verən oğulların analarına yaşamaq haram imiş. Bu ölkə sanki bir ovuc məmurların və ərkəsöyün övladlarının sərvətidir.

Onlar köçkün demir, şəhid ailəsi demir, hamıya qarşı eyni nifrət, qanunsuzluq, laqeydlik göstərirlər. Bu sahədə özünü Abşeronun “kraliçası” adlandıran xanım icra başçısı İradə Gülməmmədova bütün sərhədləri aşır, hər kəsə meydan oxuyur, hətta hədini o qədər aşlb ki, şəhid anasının damını başına uçurmaq qədər harınlaşıb. 

O, ilk dəfə deyil ki, Qarabağ qazisinə, şəhid ailəsinə qarşı qoçularının qol gücünü nümayiş etdirir. Niyyəti nədir, nə üçün bu qədər aqressivdir, hələ də normal qarşılamaq, anlamaq olmur.

Başa düşüb, dərk edə bilirsinizmi, İradə Gülməmmədovanın növbəti qurbanı canını bu torpaq uğrunda qurban vermiş şəhid anasıdır. O, hələ Abşeronun icra başçısının 1-ci müavini vəzifəsində işləyəndə tikinti normalarına əməl etməklə şəhid anası Sütun Əhmədovaya ev tikməyə icazə verib. 



Şəhid anası S.Əhmədova Sensasiya TV-yə deyir ki, şəhidin qan pulunu alıb, kredit də götürüb o biri oğluna ev tikmək istəyib: 

“11 min manat şəhid pulu verdilər. Oğluma verdim ki, xəstəyəm, Bərdədən gedib-gələ bilmirəm, burada ev tikin, mən də yanınızda qalım. 

Amma Abşeron icra hakimiyyətinin adamları iki dəfə evi başımıza uçurublar. Şəhid nə deməkdir? Mənim balam torpaq üstündə şəhid olub. 

İcra hakimiyyətinin qoçuları oğluma, şəhidin qardaşına imkan vermir ki, bir evi tiksin, xəstə ananı fa yanında saxlasın. Şəhid anası kimi xahiş edirəm ki, sökənlər gəlib evi tiksin, bizə versinlər. Deyirlər ki, şəhid anası başını dik tutsun, şəhidin ölməyib. Budur şəhidə verilən qiymət?”.

Şəhid qardaşı Səxavət Əhmədov deyir ki, əllərindəki sənədlər qanunidir: “Heç bir xəbərdarlıq etmədən uçurub getdilər. Memarlıq şöbəsinə getdim, heç bir əsas gətirə bilmədilər. 

Dedim əsas gətirin. Sonra söz verdilər ki, tikə bilərsən. Bir az keçşdi, təzədən yenə traktora verib dağıtdılar. Yenə heç kəsdən sənəd istəmədən dağıdıblar. 

Heç kəs də boynuna götürmür ki, kim edib. Ərazidəki adamlar deyirlər ki, Akif müəllim əmr verib. O da icra hakimiyyətində memarlıq şöbəsində işləyir”. 

Şəhid ailəsi xahiş edir ki, əgər bu məsələdən icra başçısının xəbəri yoxdursa, İ.Gülməmmədova dərhal münasibət bildirsin, qanunsuzluq edənləri cəzalandırsın. Onlar ümid edirlər ki, xanım başçı şəhid anasına qarşı bu haqsızlığa son qoyacaq. S.Əhmədova prezidentə, Mehriban xanıma müraciət edərək özbaşınalığa, ədalətsizliyə son qoyulmasını xahiş edib.

Qeyd edək ki, İradə xanım əməlləri ilə insanları intihar həddinə çatdırmaqdadır. Onun insanı intihara təhrik edəcək ilk addımı vətəndaşın toyuna bir gün qalmış evinin yerlə-yeksan olunub, başına uçurulmasıdır. 

Bu faktı jurnalist İlkin Pirəli ictimailəşdirmişdi. O, yazmışdı ki, İradə xanım birbaşa prezidentin əleyhinə işləyir. Belə vəhşilik olar? Gəlinin cehizi yeni gəlibmiş, divan, qablar qırılıb. Ailə 1999-cu ildən həmin evdə yaşayır.

Lap deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Əslində sənədlər də qaydasındadır. Ailə çadır istəyib, onu da verməyib, çöldə qalıblar.

Neçənci dəfədir, icra başçısı bu cür edir. O qadın nəzərə almalıdır ki, prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir. Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!

Toyuna bir gün qalmış adamın evini sökdürən, şəhid anasının da evini yıxmağa hazırdır. Bundan qabaq Qarabağ döyüşçüsü Fuad Ələkbərov daşı daş üstə qoyub özünə yuva tikə bilməmişdi. 

Onu küçəyə atan, evsiz qoyan, döyən RİH nümayəndələrinə etiraz olaraq evinə od vurub yandırmışdı. Bu faktı əks etdirən video sosial şəbəkələrdə böyük qəzəblə qarşılanmışdı.

Ancaq bu, İ.Gülməmmədovanın qəzəbinə tuş gələn ilk Qarabağ əlili deyil. Qarabağ əlili Səyyaf Bayramov İ.Gülməmmədovanın əmri ilə mülki geyimli iki nəfər tərəfindən qanına qəltan edildiyini söyləyirdi.

Onun sözlərinə görə, kanteyneri dağıdılıb, yaşamağa bir sığınacağı yoxdur və evsiz-eşiksiz qalması ilə bağlı etdiyi müraciətin axırında icra başçısı tərəfindən cəzalandırılıb.

Bu hadisələr bir daha sübut edir ki, Abşeron RİH ev tikintisini alverə çevirib. Onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir. 

Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.

Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər. Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir... 
 

Əgər bu ölkədə İradə Gülməmmədova kimi rüşvətxorun arxasında Zakir Fərəcov kimi, bu millətə, şəhidə, əlilə nifrət edən biri dayanmasa, xanım icra başçısı bu cür açıq rüşvət yığa bilməz!...
 
Bu millətin canını boğazına yığıb, onu üsyan qaldırmağa məcbur edən məmurlar nə üçün cəzalandırılmır, milyonların gözü qarşısında dövlətə qarşı edilən xəyanətlər niyə durdurulmur, məqsəd nədir, görəsən?!..
 
 
P. S. Qurban Məmmədov Azerfreedum tv internet televiziya kanalında xalqı inqilaba hazırlayır İradə Gülməmmədova da xalqı Qurban Məmmədovun inqilabçılarına qoşmaq üçün xalqı hakimiyyətin əleyhinə qaldırır. İndi sizdən soruşuram, əziz oxucular, Qurban Məmmədovla İradə Gülməmmədovanın eyni məqsədə çalışdıqları və hər ikisinin xalqı Prezidentə qarşı qaldırdıqları aydın görünmürmü?!
 
Mirdaməd