Dərmanın qiyməti pensiyasının

məbləğindən yüksək...



 

 Pensiyaçılara nə qədər pul verilsə, yetərlidir?

 

Ölkə pensiyaçılarının aylıq aldıqları məbləğin həddi nə qədər artırılsa da, yenə də azlıq təşkil edir. Çünki çox hallarda yaşlı, xəstə və bəzi hallarda da köməksiz, yəni himayədən məhrum insanlardan söhbət gedir bu məqamda. İşləyən və paralel şəkildə pensiyada olan şəxslərdən savayı, birbaşa pensiya ilə dolanan, müalicə alan və bütün ehtiyaclarını həmin məbləğin daxilində həll edən insanlar da var aramızda. Onlarla çox söhbətlər edirik, adəti üzrə bütün söhbətlərin əvvəli və sonu da mütləq pensiyaların məbləği barədə olur, yəni söhbət əvvəl-axır bu məqamda dayanır. Pensiyaçıları bu məsələdən özgə nəylə maraqlandırmaq olar ki? Əslində, aylıq alacaqlarının artıb-artmayacağını onlara vacib edən bir məsələ də var. Təhsil və iş, ailə qurmaq, övlad sahibi olmaq, onları yerbəyer etmək, saat əqrəbinin əksinə istiqamətində həmin mərhələləri övladlarının, kimlərəsə də qismət olsa, nəvələrinin timsalında təkrar keçmək üçün istənilən yaşda insana maddi vəsait lazım olur. Pensiyaçılar da şirindən-şirin nəvələr üçün ən əziz insan, ən gözəl nənə, ən qəhrəman baba timsallıdır. Bu, əksər pensiyaçının ən həssas nöqtəsi, ən zəif tərəfidir. Təki yaradan hamıya pensiyaçı ömrünə çatmaq və əzizlərinin əhatəsində sağlamcasına, doya-doya yaşamaq qismət etsin, əlbəttə ki, yetərli təqaüdü də əlavə etməklə...

Qeyd etdiyimiz kimi, pensiyaçıların əziyyət çəkdiyi bir sıra məqamlar var ki, onlardan ən əsası da müalicəylə bağlıdır. İstənilən halda, insan ömrünün dava-dərmanla bağlı məqamları da var ki, onu da görməzdən keçmək mümkün deyil. Pensiyaçılar da istisna təşkil etmir və onlara həkim nəzarəti də, hamıdan vacibdir. Çünki yaşın bu həddi onların mütləq nəzarətdə saxlanmasını və sağlamlıqlarına diqqətli olmağı diqtə edir. Belə olan halda, pensiyaçılara minimal təqaüd lazım olmasını kifayət hesab edənlər çox böyük yanlışlığa yol verir.

Diqqət edək, hazırkı səhiyyə modeli bütün ölkə əhalisinin tibbi müayinədən keçməsinin və müalicə almasının çox çətin bir məsələ olduğunu göstərir. Çünki istənilən əhali qrupu firma dərmanlarından asılıdır və alternativ yol demək olar, çox cüzi, ya da ki, yoxdur. Həkimlər bütün vətəndaşlara firma dərmanlarını qəbul etməyi məsləhət görür (Firmalarla əməkdaşlıq edənlər dərmanlardan müəyyən faiz götürür axı). Firma dərmanlarının qiyməti də məlum olduğu kimi, çox yüksəkdir. O zaman təkcə tibb müəssisələrinə giriş, müayinə, lazımi aparatlarla yoxlannmaq xərclərindən başqa, iynə-dərmanın alınması, onların inyeksiyası, bu xidmət üçün ödənən məbləğ və digər məsələlər üçün görəsən, pensiyaçılara minimum nə qədər pul lazımdır?

Sualı iqtisadi hesablamalar istiqamətinə yönləndi keçək məsələnin başqa tərəfinə. Bu tərəf də ağır xəstəliklərdən əziyyət çəkən pensiyaçı qrupunu əhatə edir. Fikrimizcə, həkim təyinatı olan bəzi ağır xəstələrə müəyyən güzəştlər edilməlidir. Yəni ürək-damar, baş-beyin, insult və digər xəstəliklərdən müalicə alan və daimi nəzarətdə saxlanan pensiyaçı qrupunun aldığı məbləğ pensiyada olan digər şəxslərinkindən daha çox olmalıdır. Lakin bu məqam nədənsə unudulur və dərmanının qiyməti pensiyasının məbləğindən yüksək olan şəxslərin çətin vəziyyətə düşməsinə səbəb olur. Bir məqamı yeri gəldikcə təkrar etməyə borcluyuq, bəzən himayədən məhrum, ailəsi və övladı olmayan pensiyaçıların pensiyadan qeyri gəlir yeri olmadığından, bu məqama da xüsusi diqqət yetirilməlidir.

Yəni təklif ideya olaraq da qəbul edilə və əlaqədar qurumlar savab yiyəsi ola bilər.

Bu günlərdə ölkə pensiyaçılarının bir problemi də səslənib ki, onu da mən yox, millət vəkili Vahid Əhmədov söyləyib. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı çıxışı zamanı millət vəkili deyib ki, Azərbaycanda pensiyaçılar yalnız iki bankın bankomatından - “Kapital Bank” və”Azərbaycan Beynəlxalq Bankı”ndan vəsait çıxara bilirlər. Digər bankların bankomatlarından vəsait çıxardıqda isə müəyyən faizlər tutulur. Deputat təklif də verib ki, faizsiz vəsait çıxarılmasının mümkünlüyü üçün ölkənin otuz bankının heç olmasa, iyirmisinə icazə vermək lazımdır. V.Əhmədov fikrini belə ifadə edib: “Ola bilər ki, kartdan tutulan vəsait yüksək maaşı olan insanlar üçün kiçik məbləğdir. Lakin 200-300 manat alanlar üçün bu, 5-10 manat məbləğdir. Bütün dünyada pensiyaçılar, müharibə veteranları, əlillər istənilən bankomatdan məbləğ çıxarır, lakin heç bir əlavə rüsum tutulmur. Niyə Azərbaycanda belədir, bilmirəm. Azərbaycan Prezidenti bankların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı da sərəncam imzalayıb. Hesab edirəm ki, bu məsələni həll etmək lazımdır. Bankomatların hamısına bu cür şərait yaradılmalıdır”.

Belə. Pensiyaçılara lazım olan dava-dərmanın gərəkliyi kimi, onlara yüksək səviyyədə qidalanmaq şəraiti və imkanı da lazımdır. Onu isə hazırkı bazar qiymətləri ilə normal şəkildə həll etmək çətin məsələdir. Çünki bazar iqtisadiyyatı, mövcud sahibkarlıq mühiti konkret və vahid qiymətlərin tətbiqini mümkünsiz etdiyindən, əlac qalır pensiyaların məbləğinin artırılmasına. Hər halda, əlaqədar qurumlarda çalışanların da ailəsində, yaxınında, ətrafında pensiyaçılar var. Onların timsalında hər kəs bugünün pensiyaçı şəxsinə nə qədər maddi vəsaitin kifayət etdiyini təxmin edə bilər.

 

Nigar Vaqifqızı