“Elə olmasın ki, burda deyilib, burda qalsın”



 

Bu gün Milli Məclisdə beş komitənin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin  birgə iştirakı ilə “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilir.

“Qafqazinfo” xəbər verir ki, iclasa sədrlik edən vitse-spiker, İnsan hüquqları komitəsinin sədri  Bahar Muradova bildirib ki, qlobal iqtisadi meyillər nəzərə alınmaqla büdcənin parametrləri müəyyənləşdirilib: “Bələdiyyələrə maliyyə köməkliyi göstərilməsinin qalması müsbət dəyərləndirilməlidir.  Əsas hədəflərimiz makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır. İnsan  hüquqlarının etibarlı şəkildə qorunması üçün yeni institutusional təşkilatların yaradılması, hüquq-mühafizə, ədliyyə orqanlarına diqqətin artırılması bu sahəyə olan diqqətin göstəricisidir”.

Maliyyə nazirinin müavini Azər Bayramov qeyd edib ki,  büdcə layhəsi  dünya iqtisadiyyatında, o cümlədən Azərbaycanda    baş verən makroiqtisadi reallıqları özündə əks etdirir: “Bütün sosial  sahələrin maliyyələşdirilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Büdcənin gəlirləri 20 milyard manat nəzərdə tutulur. Büdcə  kəsirinin 29 faizi təşil edəcəyi gözlənilir. 49,9 faiz gəlirin qeyri-neft sektorundan gələn gəlirlərə aid olması planlaşdırılır. 10 milyard manata cari xərclərə , 2 milyard manat  isə dövlət borcu ilə bağlı xərclərdir. 7 milyard vəsait isə sosialyönümlü xərclərdir”.

***

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, gələn il ümumi daxili məhsulun 1,5 faiz, növbəti illərdə isə 3,5 faiz artacağı proqnozlaşdırılır: “2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağını gözlənilir. Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır. Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, “Şahdəniz-2” layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir. Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır. Növbəti illərdə inflyasiyanın birrəqəmli olması planlaşdırılır.   “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək.

***

Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynli qeyd edib ki, büdcədə mədəniyyət sahəsinə xüsusi diqqət yetirilməlidir: “Kino sahəsi Azərbaycan üçün önəmlidir. Ancaq bu sahədə gələcəyə ümidlə baxa bilmərik. Çünki bunun üçün təməl olmalıdır. Gələn il bura milyon yarım vəsait artırılıb. Ancaq teatr sahəsinə ayrılan vəsaitin həcmində isə azalma var. Keçən il bu sahəyə vəsait artırıldı. Ümid edirəm ki, bu il də artırılacaq”.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, yerli icra hakimiyyətləri bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır: “Bu il bələdiyyələrə subvensiya ayrılması məsələsi hələ də öz həllini tapmayıb. Bələdiyyələrin fəaliyyəti üçün büdcədən bu sahəyə 5, 2 milyon pul ayrılıb. Olmazdımı ki, bunun bir hissəsini subvensiya kimi verilsin? İnanmıram ki, hansısa sahəyə ayrılmış puldan kəsilib başqa sahəyə yönəldilsin. Ancaq burada xərclənən vəsaitə, görülən işlərə nəzarət etmək lazımdır. Elə olmasın ki, burda deyilib, burda da qalsın”.

Günel Türksoy