Paşinyan-Saakyan qarşıdurması fürsətdirmi?



 

Qabil Hüseynli: "Əgər müharibə Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazilərinə keçərsə, bəli, o halda Rusiya bizim qarşımıza çıxa bilər"

 

Son zamanlar Ermənistan siyasi elitası ilə "Dağlıq Qarabağ" rəhbərliyi arasında yaranan qarşıdurma pik həddə çatıb, tərəflər bir-birini mediada açıq mətinlə ittaham edir. Məsələnin mahiyəti ondan ibarətdir ki, Paşinyan Ermənistan hakimiyyətinin müxtəlif qanadlarını, hətta, ölkə iqtisadiyyatını Qarabağ klanından təmizləmək kursu götürüb. Bu isə sözsüz ki, Qarabağ klanının xoşuna gəlmir. Ona görə də, şər-böhtan işində xeyli səriştəyə malik olan Qarabağ klanı Paşinyanı torpaq satmaqda günhalandıraraq şərləyir. Hər halda tərəflər arasında yaranan qarşıdurma Azərbaycanın düşmənlərinin parçalanmasına səbəb olub. Ermənistanın indiki vəziyyəti Azərbaycanın 90-cı illərdəki vəziyyətini xatırladır. Hazırda Azərbaycan cəmiyyətini belə bir sual ciddi düşündürür ki, düşmənin indiki vəziyyətindən yararlana bilərikmi, və ya yararlanmalıyıqmı? Bu sualla politoloq Qabil Hüseyinliyə müraciət etdik. Politoloq bildirdi ki, hazırda ciddi qarşıdurma mövcuddur, Paşinyana qarşı bütün Qarabağ klanı çıxış edir,  xüsusilə elita, Koçaryan hadisələri bu qarşıdurmanı daha da dərinləşdirdi: "Üstəlik, "DQ"-nin qondarma prezidenti Bako Saakyan iddia edir ki, Paşinyan "DQ"nı sülh danışıqları ilə bağlı düzgün məlumatlandırmır, "DQ"ya ögey münasibət bəsləyir. Son zamanlar münasibətləri normal məcraya qayıtması üçün cəhdlər edilir, amma Paşinyanın apardığı islahatlar Qarabağ mənşəli kadırların dövlət və biznes strukturlarından uzaqlaşdırılması ilə nəticələnir, ona görə də münasibətlər daha da kəskinləşir. O ki qaldı Azərbaycanın mövqeyinə, bəli, biz hər bir detaldan istifadə edərək ərazi bütövlüyümüzün təmin edilməsinə cəhd göstərməliyik. Təkcə onların arasındakı qarşıdurmaya görə deyil, həm də onların sülh anışıqlarından yayınmalarına, torpaqlarımızda təcavüzkar kimi oturduqlarına görə, Azərbaycan ciddi tədbirlər görməlidir. Biz respublikamızın ərazit bütövlüyünü təmin etmək üçün hər bir imkandan istifadə etməliyik. Çünki Ermənistan hökuməti işğal etdiyi ərazilərdə məskunlaşma aparır. Bu o deməkdir ki, ermənilər işğal etdiyi Azərbaycan torpaqlarını mənimsəmək fikrindədirlər. Biz bunun qarşısını vaxtında almalıyıq".

Cəmiyyətdə belə bir fikir də formalaşıb ki, biz Ermənistanla müharibə etsək qarşımızda rus qoşunlarını görəcəyik. Politoloq buna münasibət bildirərək dedi ki, bu həqiqətə yaxındı, amma Eldar Namazov tipli ekspertlər konfliktin həllindən danışanda deyir ki, biz hücum edib Zəngəzuru almalıyıq. Politoloqun fikrincə, Zəngəzurla Dağlıq Qarabağı və aran Qarabağı dəyişik salan ekspertlərimiz də var, amma söhbət BMT səviyyəsində tanınan ərazilərimizin bütövlüyünün bərpa edilməsindən gedir. Onun fikrincə, biz ərazi bütövlüyümüzü bərpa etdikdə Kollektiv Təhlükəsizlik Kollektivinin heç biri ilə qarşılaşmamalıyıq: "Əgər müharibə Ermənistanın beynəqxalq səviyyədə tanınan ərazilərinə keçərsə, bəli, o halda Rusiya bizim qarşımıza çıxa bilər. Dünya müharibə tarixinin təcrübəsindən istifadə edərək biz tədbirlər görməliyik. Düşmənin arxasına partizanlar, təxribatçı qruplar göndərmək, lokal xarakterli döyüşlər aparmaq, qarşı tərəfdən gələn helekopter və digər uçuş aparatlarının vurulması əməliyyatları bu sıraya daxil edilə bilər. Bunu elə ustalıqla həyata keçirmək lazımdır ki, həm ciddi səs-küyə səbəb olmasın, həm də erməniləri məskünlaşmadan çəkindirsin və düşmən hiss etsin ki, Azərbaycan istənilən vaxt torpaqlarını geri qaytarmaq üçün hər fürsətdən istifadə edir. Bu müharibə bütün dünya müharibələrinin konseptual üsullarını özündə ehtiva etməlidir".

Akif Nəsirli