Ucar sakini “Azercell Telekom”dan şikayətçidir



 

Yusifova Xanım Mütdəlif qızı: “““Azercell Telekom” MMC

həyətimdə quraşdırdığı antenaları oradan çıxarmaq istəmir”

 

Ucar rayonu, Yuxarı Şilyan kənd sakini, Böyük Vətən müharibəsi iştirakçısı Yusifova Xanım Mütdəlif qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə müraciət edən şikayətçi yazır:

““Azercell Telekom” MMC tərəfindən mənim hüquqlarım pozulmuş, aldanılmışam.

Belə ki, “Azercell Telekom” MMC ilə aramızada bağlanmış 29.01.2009-cu il tarixli birgə fəaliyyət müqaviləsinə əsasən, Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən mənə məxsus həyətyanı sahəmdə şirkətə məxsus radio baza stansiyasının cihazları quraşdırılmışdır. Müqavilənin şərtlərinə əsasən, buna görə mənə şirkət tərəfindən bir il üçün 1000 manat pul ödənilir. Həmin 10 illik müqavilənin müddəti bitmişdir.

29.01.2009-cu il tarixdə “Azercell Telekom” MMC ilə müqavilə bağlanan zaman Azərbaycan manatı devalivasiyaya uğramamışdır. İndi isə həmin məbləğlə müqavilənin yenidən bağlanılması qanuna uyğun deyil. Çünki “Azercell Telekom” MMC-nin həyətimdə quraşdırdığı antenanın yaydığı şüa dalğalarının mənim və ailə üzvlərimin səhhətinə ciddi təsirlər göstərir. Buna görə biz vaxtlı-vaxtında vitaminli qidalar qəbul etməliyik, müayinə və müalicələr almalıyıq. Bunu isə “Azercell Telekom” MMC tərəfindən il ərzində verilən həmin 1000 manat pula həyata keçirmək qeyri-mümkündür. Həmçinin həyətimin antena quraşdırılan həmin torpaq sahəsində uzun müddətdir ki, əkin işləri aparılmır.

Üstəlik, mənim həyətyanı sahəmə quraşdırılmış radio baza stansiyasının cihazları müqavilədən sonra bir neçə dəfə artırılmışdır. Bu müqavilənin şərtlərini açıq-aşkar pozur.

Müqavilənin şərtlərində də belə müddəalar öz əksini tapmışdır ki, müqavilənin icrası zamanı meydana çıxan bütün narazılıq və mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll edilir.

Mən buna görə “Azercell Telekom” MMC- nin prezidenti Vahid Mürsəliyevə ərizə ilə müraciət edib, icarə pulunun miqdarının artılmasını xahiş etdim. Ancaq “Azercell Telekom” MMC- nin prezidenti Vahid Mürsəliyev mənimlə razılaşmayıb, rədd cavabı verdi.

Qeyd edim ki, “Azercell Telekom” MMC ilə aramızda bağlanmış müqavilənin müddəti 2019-cu il tarixdə bitdiyi üçün mən onlarla təkrar müqavilə bağlamaqdan əsaslı olaraq imtina etdim. Buna baxmayarq “Azercell Telekom” MMC reketlik edib müqvilə bağlanılmadan həyətimdə quraşdırdığı antenaları oradan çıxarmaq istəmir, fəaliyyətini davam etdirir. Bu isə özbaşınalıq və reket əməli hesab edilir.

Mənim həyat yoldaşım Böyük Vətən müharibəsi iştirakçısı olub, özüm isə ön cəbhə iştirakçısı olmuşam, oğlum Asif Qarabağ müharibəsi əlili, digər oğlum İlqar isə Əfqanstan müharibəsi iştirakçısıdır. Biz vətənpərvər ailəyik.

Ancaq “Azercell Telekom” MMC-nin prezidenti cənab Vahid Mürsəliyevin kim olduğu, Qarabağ müharibəsi zamanı harada olduğu bilinmir. İndi gəlib mənə öz şəxsi evimdə ağalıq edir.

Mən “Azercell Telekom” MMC- nin prezidenti cənab Vahid Mürsəliyevin bu özbaşınalığı barədə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadəyə ərizə ilə müraciət etmişəm.

Mətbuat vasitəsi ilə də xahiş edirəm, “Azercell Telekom” MMC- nin prezidenti cənab Vahid Mürsəliyevin özbaşına hərəkətləri araşdırılıb, onların barəsində qanunu tədbir görəsiniz. Mənim icarə pulumu artırmadığı təqdirdə həyətimdəki radio baza stansiyasının cihazlarının çıxarılmasını təmin edəsiniz”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tahir Abbaslı

 

 

 

 

 

 

 

 

 

 

 

İki əlil övladına baxa

bilməyən yaşlı ana

çarəsiz vəziyyətdə

 

“Tək istəyim odur ki, dövlət bu

iki uşağı himayəsinə götürsün...”

 

Cəlilabad rayon sakini İmanova Gülzar Həbib qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə aidiyyatı dövlət qurumlarına müraciət edən şikayətçi yazır:

“Mən İmanova Gülzar Həbib qızı 1958-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Ailə qurduqdan sonra Cəlilabad rayon Kazımabad kəndinə köçmüşəm. Hal hazırda Cəlilabad rayon Kazımabad kəndində yaşayıram.

Həyat yoldaşım vəfat edib. Himayəmdə iki övladım var - 1983-cü il təvəllüdlü İmanov Fariz Fərman oğlu, 1986-cı il təvəllüdlü İmanov Pərviz Fərman oğlu - hər ikisi ömürlük birinci qurup əlildirlər. Hər uşağım pensiya alır. Xəstə və yaşlı olduğum üçün bu iki övladımı dövlətin himayəsinə verilməsi üçün Cəlilabad rayon icra hakimiyyəti başçısının müavini Dürdanə xanıma (hazırda vəzifəsindən azad edilib) müraciət etdim, “bizlik deyil,” deyə cavab verdi.

Daha sonra DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət etdim, onlar da “bizlik deyil,” dedilər. Mən daha Sonra ƏƏSMN-nin rəhbəri Sahil Babayevə müraciət etdim(Nazirlər Kabinetinin 05 noyabr 2013-cü il N-320 saylı qərarını əsas tutaraq). 12 aprel 2019-cu ildə DSMF-nun müavini Səfər Mehtiyevdən cavab gəldi ki, sənədləri DSMF-nin Cəlilabad rayon şöbəsinə təqdim edim. Mən həmin sənədləri təqdim etsəm də problemim həll edilmədi. Bundan sonra dəfələrlə ƏƏSMN-nin qaynar xəttinə zəng etsəm də bir faydası olmadı.

Bir daha ƏƏSM naziri Sahil Babayevə şikayət ərizəsi yazdım, lakin şikayətimə baxılmır. Hər gün DSMF-nun Cəlilabad şöbəsinə getsəm də, heç bir nəticəsi yoxdur.

Ailə, Qadın və Uşaq Problemləri Komitəsinə müraciət etsəm də bir nəticəsi yoxdur. Artıq qərara gəlmişəm problemimi həm ictimailəşdirim, həm də həll edilməsi üçün beynəlxalq təşkilatlardan kömək istəyim, bir də QHT-lərdən.

Uşaqlarıma verilən pensiyanı istəmirəm, tək istəyim odur ki, dövlət bu iki uşağı himayəsinə götürsün, yaşlı anayam, artıq baxa bilmirəm. Ailə başçısı olan həyat yoldaşım da vəfat edib.

İnanıram ki, mənə köməklik göstərib problemimi işıqlandıracaqsız. Hər kəsə təşəkkür edirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.