Məcburi köçkünlər

yolu bağladı



 

Məmurlar və iş adamları xalqla

polisləri üz-üzə qoyur

 

Azərbaycan uzun illərdir ki, müstəqillik qazanıb. Hələ də Respublikamızda iqtisadi referumlar tam həyata keçirilməyib. Hazırda bilinmir ki, respublikamızda iqtisadiyyatın hansı forması mövcuddur: bazar iqtisadiyyatı, yoxsa planlı sosial təsərrüfat. Ona görə də respublikamızda azad rəqabət forması hiss olunmur.

Bu qarışıqlıqdan istifadə edən iş adamları, məmurlar öz mənafeləri naminə xalqı aldadır, üzərlərinə düşdüyü vəzifəni layiqincə yerinə yetirmirlər. Nəticədə xalq küçələrə axışır, yol kəsir, öz etirazını bildirir və nəticədə Prezident Administrasiyasının qarşısına toplaşır. Bu zaman ictimai asayişi qorumaq üçün məcbur olub polis qüvvəsindən istifadə edilir.

Misal üçün, biz dəfələrlə şahidi olmuşuq ki, tikinti şirkətləri tikdiyi binalardakı bir mənzili bir necə vətəndaşa satıb. Nəticədə böyük mübahisələr yaranıb. Haqlı olan vətəndaşlar öz haqarını tələb etmək üçün Prezident Administrasiyasının qarşısına toplaşıb. Yenə də polis, yenə də haqlı xalq, yenə də qarşıdurma.

Son zamanlar Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə məcburi köçkünlər arasında tez-tez narazılıqlar baş verir. Ən son narazılıq 27 may 2019-cu il tarixdə Memarlıq və İnşaat Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlər ATV kanalının qarşısında nəqliyyatın hərəkətini dayandırıb, etiraz aksiyası keçirmişlər. Onların tələbi artıq çirkaba batmış ümumi yataqxanada yaşamamaq idi. Analiz etsək görərik ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə indiyə qədər külli miqdarda pul vəsaiti ayrılıb.

Həmin vəsaitin hesabına nəinki bir milyon qaçqını, hətta bir milyon beş yüz min məcburi köçkünü yerləşdirmək olardı. Bax budur, məmurların öz işlərinin öhdəsindən lazımınca gəlməməsi, həmin pulların hara getdiyini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hələ də araşdırır. Yəqin ki, nəticəsi maraqlı olacaq.

Bu gün keçirilən həmin etirazı diqqətlə izlədim. Vətəndaşlardan yolu azad etmək üçün yenə də polis qüvvəsindən istifadə edildi. Orada məcburi köçkün bir xanım siravi bir polisə üzünü tutub deyirdi: “Elə belə etdiniz ki, Qarabağı verdiniz erməniyə”.

Yəqin ki, bu xanım yaxşı bilir ki, həmin siravi gənc polisin heç bir günahı yoxdur. Amma, kiməsə sözünü deməli idi. Hirsini kimdənsə çıxarmalı idi. Doğrudan da, belə baxanda əsl günahkarlar ilk baxışdan görünmür. Ələ keçən və görünən yalnız polislər olur.

Ümumiyyətlə, bütün sahələrdə nə qədər istəsən faktlar göstərmək olar. Allah polislərimizə səbir versin. Birdən səbirləri tükənər və etiraz edib nümayişçiləri dağıtmağa getməzlər. Onda respublikanın vəziyyəti nə hala düşər, onu Allah bilir.

Qiyam Ərşadoğlu