Keçmişə nostalji, gələcəyə qorxu



 

Mükəmməl insan qorxulu formasiyaya özü diqtə edəndir

 

 

Kapitalizm şəraitində mənəvi dəyərlərin olmayacağı, hər addımın kapitalla ölçüləcəyi barədə uşaqlıqda eşitdiklərimiz bizə çox qəribə, ağlasığmaz gələrdi. İllər sonra da, hələ kapitalizmə tam keçid etməsək də, sosializmin şinelindən çıxanların böyük əksəriyyəti bazar iqtisadiyyatı qaydalarına uyğunlaşa bilmir. Onların bəziləri bazar iqtisadiyyatının qayda-qanunlarının yolverilməz olduğunu iddia edərək, əsas olaraq insan faktorunu, mənəvi məsələləri öndə görməyi söyləyirlər. Zatən, kapitalistlərin də arqumentlərindən biri, bazar iqtisadiyyatının daha çox insan faktoruna hesablandığını qeyd etməkdir. Amma nə fayda, sovet təfəkkürü çox hallarda bu quruluşla uyğun gəlməyən məqamlarda kəsişir və yollar da elə birləşmədən ayrılır.

Bugünün bəzi insanlarına bazar qanunlarının diktəsini anlatmaq qədər çətin heç nə yoxdur. Adicə alış-veriş məkanlarında, bazarlarda, hətta marketlərdə o qədər alıcı-satıcı münasibətlərinin öz müstəvisindən çıxdığının şahidi olmuşuq ki... Qoca nənə-babaların hansısa məhsulun qiymətiylə razılaşmayaraq onun dəyərini “bəyənmədiyiniz sovet dövründə 5 köpüyə idi” cümləsiylə ifadə etdiyi, gözümüzə barmaq silkələməsi çoxlarına tanışdır. Bəli, bəzilərimiz üçün məşhur “keçid dövrü” deyəsən, hələ bitməyib. Onun o üzündən bu üzünə adlayanlar, bəzən tərəddüd edənlər, az hallarda qısa müddətə adaptasiya olunanlar var aramızda...

Keçiddə dayananlar da var ki, istənilən təşkilatlardan, idarə-müəssisələrdən onların səsini eşitmək mümkündür. Ölkədə illər öncə ödənişli təhsil sisteminin mövcudluğunu birtəhər, çətinliklə qəbul edənlər orta təhsil səviyyəsində onun varlığını hələ də həzm edə bilmirlər. Bəziləri lisey, gimnaziya və yaxud, ödənişli, xarici anlamda düşündükləri orta təhsil müəssisələrinə hələ də ögey münasibət göstərməkdədir. “Dövlət orta məktəblərindəki təhsillə onların nə fərqi var ki?!” yanaşmasına da artıq alışmışıq. Doğrudur, sözügedən təhsil müəssisələri arasında hansı fərqin olduğunu bilənlər bilir. Amma külli-cəmiyət eyni yanaşmanın müəllifi deyil.

Səhiyyə sahəsində isə yanaşmalar daha fərqli və daha aqressivdir. Sovet dövründə bir həkim insanın bütün xəstəliklərinə cavabdeh idi və bir-iki dərmanla da adamı sapsağlam edib ayağa durğuzurdu. Bu cümləni dırnaqiçi yazmamağımım səbəbi onun bütün ölkə əhalisinə məxsus olmasıdır. İndinin özündə də, bu qədər sağlamlıq-səhiyyə müəssisələrinin olmasına rəğmən, xəstə bir orqanizmə bənzəyən əhalimiz həkimlərdən əlini biryolluq üzüb. Onların nəzərində günbəgün artan özəl tibb müəssisələri, ötür-ötür oyunu oynayan həkim-klinikalar sovet təcrübəsiylə qətiyyən ayaqlaşmadığından, çoxdan uduzub. Onların nəzərində “elə sağlamlığımız da köhnə əyyamlarda qaldı”...

Bugünün, kapitalizm dövrünün insanı üçün “kommunizmdə hər şey pulsuz olacaq” deyimi nə qədər sadəlövh görünsə də, keşmişdən qoparaq özüylə də o ab-havanı yaşadanlar üçün üfüqdə hələ də kommunizm isimli bir təsəvvür yaşamaqdadır. Ona görə də, onlar internetin anbaan artan sürətini, kapitalizmin diqtə etdiyi soyuq qərarları, quruluşun mahiyyətindən doğan heç nəyi qəbul etmək istəmirlər.

... Bir dəfə iqtisadçı-alimlərdən biri telemüsahibəsində demişdi ki, mən insanlara iqtisadi məlumatları, ümumilikdə müsahibələri nə üçün ödənişsiz, yəni pulsuz-parasız verməliyəm?! Aparıcını çaşdırmaqla, bu mesajı efirdən hamıya çatdıran, hamını şaşırdan həmin şəxsin kapitalizmin tipik, əyani nümunəsi olduğu bəlli idi. Yəni dövr, zaman kapitalizm adlı dalana dirənibsə, ona sovetdənqalma təfəkkürlə, ötüb-keçmiş, öz dövrünü yaşamış qaydalarla, münasibətlə dirəniş göstərməyin mənası yoxdur. Adam birbaşa bəyan edirdi ki, məni danışdırırsansa, məlumat alırsansa, xidmətimdən istifadə edirsənsə, ödənişimi də verməlisən.

Bu məqamda dəmiryol vağzalının bir xidmətindən narazı sərnişinlərin şikayəti yadıma düşür. Deməli, vağzalın tranzit kassasında verilən hər məlumata görə xidmət haqqı kimi bir manat tətbiq edilir. Dəmiryolu idarəsindən də təsdiq edilib ki, bəli, Bakı sərnişin vağzalındakı tranzit kassada Ukrayna, Gürcüstan və Rusiyadan ölkəmizə gələn və gedən sərnişin qatarlarına həyata keçirilən fəaliyyətdə belə bir xidmət mövcuddur. Yəni həmin kassadan məlumat alan vətəndaşdan tələb olunan bir manat da bilet kassiri tərəfindən ona verilən geniş, yazılı məlumata görə xidmət haqqıdır. Vətəndaşa da bunun müqabilində ödəniş qəbzi verilir və o, gün ərzində bileti alarsa, ödəmə qəbzini təqdim etməklə ödədiyi bir manatı da geri ala bilir.

Vətəndaş bir manata görə narahatdır, belə desək, narazıdır. Halbuki, kassadakı əməkdaşa uzun-uzadı, dəxli olan və olmayan suallar verib, şifahidən adlayaraq yazılı məlumat da alıb. Bunun müqabilində ödədiyi bir manatı da bilet alacağı təqdirdə, geri alacaq. Bir növ, ona bazar iqtisadiyyatı, getdikcə hər şeyin pulla ölçüləcəyi bir zəmanədə yaşadığının fərqinə varmaq aşılanır... Kassirin zaman itkisi, yazılı məlumata çəkilən vaxt, müəyyən xərc və s...

O halda, orta məktəblərdə qanunsuz yığılan, bütün zamanlara dəxli olan, amma məktəbin büdcəsinə, şagirdin təhsilinə dəxli olmayan “fondpulu”lara, müxtəlif adlı ödənişlərə görə direktorlar valideynlərə görəsən, nə qədər borcludur?

Yaxud, səhiyyə müəssisələrinə sağalmaq üçün üz tutub, dürlü-dürlü xəstəliklər, mərəzlər tapan əhali qrupunun can borcu nə vaxt qaytarılacaq?

Maraqlıdır, bu qədər yazıb-yaratmağın, gözümüzün nurunu itirməyin, ömrümüzü də cəmiyyətin yolunda şam kimi əritməyin, ödənişsiz yazılı-şifahi məsləhətlərin, dinlədiyimiz, mövzunun içində ölüb-dilildiyimiz minlərlə şikayətlərin, ödənişsiz olaraq bəxş etdiyimiz zamanımızın, bir sözlə, maddi-mənəvi, fiziki itkilərimizin müqabilində, cəmiyyət bizə (qələm əhlinə!) nə qədər borcludur?

Onu hesablamamışıq, məbləğ fantastik olar çünki. İndilikdə, elə bütün zamanlarda, əziyyətimizin qiyməti onda olar ki, uğrunda can qoyduğumuz cəmiyyət, sözün bütün mənalarında hərtərəfli fərdlərin cəminə çevrilsin. Və qorxulu görünən istənilən formasiyaya da özü diqtə edə bilsin - mükəmməl, kamil, sağlam və dövranından razı biri olaraq. “Ödənişimizi” bu formada almaq ümidi bizlərlə böyük, hər cür siyasi quruluşlarla uzun, çox uzun yol gəlib axı...

 

Nigar Vaqifqızı