Ölkədə quduzluq təhlükəsi: Hansı daha önəmli, insan yoxsa heyvan taleyi?!



 

Erməni xislətlilər üçün insan taleyi yox, heyvan taleyi maraqlıdır. Amma insanlar itlərdən çox dəyərli olduğundan, daha çox diqqət də onlara ayrılmalıdır

"Heyvanlar da bizim kimi yaradılıbsa, normal yaşamağa haqları var, heç vaxt işgəncələrə məruz qalmamalıdırlar...", -bu və buna bənzər məntiqsiz sözlər Bakı Şəhər İcra Hakimiyyəti binası qarşısında adlarını heyvansevərlər qoyan qadınların keçirdikləri etiraz aksiyasında daha çox səsləndirildi. Etirazçılar öz çıxışlarında daha çox onu qabartmağa çalışırdılar ki, guya, paytaxtda küçə heyvanları problemi ilə mübarizə aparmağın daha mərhəmətli yollarını axtarıb tapmaq indiyədək heç bir dövlət strukturunu maraqlandırmayıb. Elə, bu səbəbdən də, indiyədək onlara vurulan ölçüyəgəlməz ziyan geniş yayılmış qalır. 

Doğrusu, həmin "heyvansevərlərin" taleyin ümidinə qalan sahibsiz heyvanların unudulmuş taleləri ilə istədikləri vaxt bu tərzdə və bu hikkəylə maraqlanmaları, onların bu yöndən olan planlarının daha qaranlıq üzü olduğunu ortaya çıxarır. Məhz buna görə də, onların keçirdikləri bütün aksiya və tədbirləri cəm şəklində Azərbaycana qarşı şantaj kampaniyası kimi qiymətləndirmək olur. Çünki hər dəfə ölkəmizdə keçiriləcək əlamətdar bir tədbir öncəsi həmin "heyvansevərlər" daha da aqressivləşir, bu cür iyrənc qarayaxmalara start verirlər. Hətta küçə itlərinin yığışdırılmasına qarşı da, etiraz aksiyaları keçirirlər. İndi olduğu kimi...

Əgər xatırlayırsınızsa, Bakıda "Eurovision" Mahnı Müsabiqəsi, "Bakı -- 2015: Olimpiya Oyunları" keçirildiyi ərəfədə də belə xoşagəlməzliklər olurdu. İndi isə, paytaxtımız "Formula --1"-ə ev sahibliyi edir. Düşmən xislətli qüvvələrin öz məkrli niyyətlərindən hələ də geri çəkilmədikləri açıq-aşkar göz qabağındadır. O zamanlar olduğu kimi, indi də, küçə itlərinin "halına acıdıqlarından ürəkləri ağrıyan heyvansevərlər" müxtəlif növ kampaniyalar keçirirlər. Onların təşəbbüsü ilə, öncə, haqları tapdanan itlərin hüquqlarının bərpası üçün imzalar toplanıb, sonra isə... 

...Aprelin 22-də bir qrup "heyvansevər" Bakı Şəhər İcra Hakimiyyəti binası qarşısında etiraz nümayişi keçirdi. Onda əllərində şüarlar tutanlar daha çox küçə itlərinin güllələnib, öldürüldüyünü iddia edirdilər. Etirazçılar Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində yaradılan "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin Bakıdakı küçə itləri ilə öz qaydalarına uyğun davranmadığını deyirdilər. Məsələ ilə bağlı adları çəkilən hər iki qurumdan verilən şərhlərdə isə, səslənən həmin iddialar əsassız sayılırdı. Bildirilirdi ki, küçələrdən toplanan sağlam itlərlə bağlı lazımi işlər görüləndən sonra, onlar geriyə qaytarılır. Xəstə, aqressiv heyvanlar isə, humanist yolla evtanaziya olunurlar. Bu deyilənlərə baxmayaraq, uydurma, böhtan və yalanlar getdikcə daha ucuz metodlarla, daha geniş şəkildə mətbuat səhifələrinə ötürülüb. Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tip primitiv, ucuz metodların ölkəmizə qarşı qara piardan başqa bir şey olmadığı, bunun, əvvəllər olduğu kimi, indi də heç bir nəticə verməyəcəyi başa düşülən olsa da, amma ürəkbulandırandır. Çünki keçirilən həmin aksiyalar həm Azərbaycanın imicini ləkələməyə, həm də bu mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışanların daha bir planlarının iyrənc sonluğudur. Belə olmasaydı, aksiya keçirən və milli hisslərdən məhrumluqları üz-gözlərindən, eləcə də danışıqlarından aydın hiss olunan həmin qadınlar, heç olmasa, bu ilin 3 ayı ərzində beş mindən çox it dişləməsinə məruz qalan həmyerlilərinin acı talelərinə də toxunardılar. Təəssüf ki, bu olmadı! Heç bu günlərdə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it hücumuna məruz qalan körpə Hüseyn Qismət oğlu Məmişovun taleyi belə onları maraqlandırmadı. İtin bu azyaşlının yanaq nahiyəsini parçalaması, doğrudan da, dəhşət dolu bir kino səhnəsinə bənzəyirdi və ürək ağrıdırdı. Bu həyacanlı xəbərin yersiz və mənasız aksiya keçirən həmin daşürəkli qadınları narahat etməməsi, onları görənləri dəhşətə gətirirdi: Bəyəm, heyvan taleyi insan taleyindən bu qədərmi əzizdir onlar üçün?! Onlar isə, keçirdikləri bu aksiya ilə, sanki hansısa qan tökən "qəhrəman daşnak" pişvazına çıxan əsl erməni xarakteri nümayiş etdirirdilər. 
Ümumiyyətlə, "heyvansevərlərin" indiyədək keçirdikləri primitiv və ucuz metodlu bu tip tədbirlərin son nəticələri eynən bir-birlərinə bənzəyib -- hər şey yalan, böhtan, şantaj... üzərində qurulub. Yaydıqları bütün məlumatların mövzu əsasını "Formula -- 1" öncəsi küçə itlərinin öldürülməsinin həddən-ziyadə çoxalması barədə "fakt və sübutlar" təşkil edib. Guya, bu heyvanların hüquqlarının qorunmasında qanunun tələblərinə riayət edilməyib, əsl cinayətkara çevrilən məmurlar yenə də ana təbiəti qanına boyayıblar. Beləcə, "sapı özümüzdən olan baltalar", öz uydurma və yalanlarıyla ölkəmizin imicinə daha bir zərbə vurmağa can atıblar.
Yadınızdadırsa, Olimpiya Oyunları qabağı da, paytaxt Bakıda küçə itlərinin yandırılması iddia olunurdu. Onda bu barədə fikir səsləndirən heyvan hüquqları müdafiəçiləri ölkəmizdə küçə itlərinə və pişiklərə münasibətin ölçüyəgəlməz bir qəddarlıqla müşayiət olunduğunu deyirdilər. Sosial şəbəkələr isə, küçə heyvanlarına qarşı qəddar rəftarla bağlı saysız-hesabsız video və foto görüntülər yayımlayıb, öldürülən və yandırılan itlər arasında daha çox küçük görüntülərini "gözə soxmağa" çalışırdılar. 
Onda, Ümumdünya Heyvanları Müdafiə Təşkilatının da, müdafiəsiz heyvanlara qarşı Azərbaycanda törədilən həmin "addımbaşı qəddarlığa" təcili reaksiyası oldu. Həmin beynəlxalq qurum Azərbaycan hakimiyyətini ciddi şəkildə qınayıb, onu, bu hadisəyə görə məsuliyyət daşıyan şəxsləri cəzalandırmağa və bu hərəkətləri dərhal dayandırmağa çağırdı. 
Bu yerdə onu da xatırlamaq yerinə düşər ki, respublikamız 2007-ci ildən heyvanlara humanist münasibəti tələb edən "Ev Heyvanlarının Mühafizəsi haqqında Avropa Konvensiyası"na qoşulub. Bu sənədin tələblərinə görə, heyvanların sayına humanist üsullarla nəzarət edilməlidir. Onunla tərəf olanlar, sahibsiz heyvanların sayının onlar üçün problemlər yaratdığını hesab etdikləri halda, yol verilməməsi mümkün olan əziyyətlərə, ağrılara və narahatlığa məruz qoymadan, onların sayını azaltmaq üçün, zəruri qanunvericilik tədbirləri və ya inzibati tədbirlər həyata keçirə bilərlər. Bu tədbirlərə, gərəkdirsə, heyvanların minimum fiziki və mənəvi əziyyətlər verilməklə tutulması, həmin tutulanların sığınacaqda saxlanılması və ya Konvensiya əsasında evtanaziya edilməsi daxildir. Onu da qeyd edək ki, Azərbaycan həmin Konvensiyanın tələblərinə uyğun olaraq, alqışalayiq çox tədbirlər həyata keçirib. Vaxtaşırı ölkəmizin küçələrindəki heyvanlar vaksinasiya və strelizə edilib. 
Əgər, Azərbaycan dövlətə aid olan bu və bu kimi tədbirləri həmin Konvensiyanın tələblərinə uyğun həyata keçirirsə, bunu başqa yöndən yozmağın nə mənası?!
Bunu çoxları yaxşı bilir ki, region sakinləri sahibsiz itlərin onların fəaliyyətlərinə əngəllər yaratdığını, rahat yaşamalarına imkan vermədiyini, həddən çox balalayaraq, hər yeri basıb götürən it sürülərinin əlindən evdən çıxa, ora-bura rahat gedib-gələ bilmədiklərini deyirlər. Bildirirlər ki, hansısa dövlət qurumunun da, sayı bu qədər çox artan sahibsiz heyvanı qeydiyyata alıb, müxtəlif yöndən təhlükəsiz olmasına, onların vaksinasiya ilə qısırlaşdırılmasına, quduzluqlarına və peyvəndlə digər sağlamlıqlarına nəzarət etməsi mümkün də deyil. Məsələn, küçə heyvanlarıyla bağlı fəaliyyəti olan qurumlardan biri də Dövlət Baytarlıq Xidmətidir. Xidmət yalnız qeydiyyatda və sahibi olan itlərlə bağlı iş aparır. Yalnız burada bir il ərzində 300 minə yaxın heyvan peyvənd edilib. Bu qədər heyvana nəzarət istənilən qurumun fiziki imkanları daxilinə sığan da deyil. Bu səbəbdəndir ki, itlər tərəfindən cırmaqlama, zədə, dişləmə çox vaxt quduzluq kimi ağır infeksion xəstəliklə nəticələnir. 
Son vaxtlar respublikanın hər yerindən hər gün it dişləmələri barədə acı xəbərlər almağımız, quduzluqla bağlı dövlət rəsmilərinin açıqlamaları cəmiyyətdə əməlli-başlı təlaş yaradıb. 
Gəncəbasar bölgəsində yerləşən yaşayış məntəqələrində, Qazax və Tovuz ərazilərində, Sumqayıt şəhərində və sairə yerlərdə bu yöndən baş verən xoşagəlməz olaylar əsl narahatlıq mühiti yaradır. Məsələn, dünən də, Lənkəranda daha bir nəfərin it dişləməsi ilə xəstəxanaya gətirilməsi xəbəri insanlar arasına təlaş saldı. Çünki bununla həmin rayonda quduz itlərin dişləməsi zamanı xəsarət alanların sayı son üç ay ərzində 10 nəfərə çatırdı. Qeyd edək ki, daha əvvəl rayonun müxtəlif yaşayış məntəqələrindən daha 9 nəfər də xəstəxanaya gətirilib. Son xoşagəlməz hadisə isə, Lənkəran rayonunun Liman şəhərində baş verib.

Respublika Səhiyyə Nazirliyi sahibsiz itlərin insan həyatı üçün qorxulu olduğunu nəzərə alaraq, vətəndaşlara ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edib. Bildirib ki, bu yöndən müalicə Kliniki Tibbi Mərkəzdə davam edir və belə xəstələr peşəkar tibb işçilərinin nəzarəti altındadır.

Nazirlikdən o da bildirilib ki, respublika ərazisində ötən il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. Bu ilin ilk üç ayı ərzində isə, 5 mindən çox şəxsdə bu cür hal qeydə alınıb.

Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlik olduğundan, onunla bütün istiqanlı heyvanlar, xüsusən it, pişik, canavar, tülkü yoluxur. Bu xəstəlik insana heyvan dişləməsi, onun cırmaqlaması və ağız suyu vasitəsilə keçir. Quduz heyvan tərəfindən dişləmə və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış və zədələnmiş yerə düşən zaman bu qorxulu xəstəlik baş verə bilir. Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslar olduğundan, bu xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. 
Yüz faiz ölümlə nəticələnən quduzluğun epidemioloji xüsusiyyətlərinə görə, insanların bu təhlükəli xəstəliyə yoluxmasında əsas mənbə itlərdir. Bu
xəstələrin əsas tərkib hissəsi isə, yaş etibarilə fəaliyyətdə olan insanlar və uşaqlardır. Qoy, küçə heyvanlarıyla bağlı fəaliyyət göstərən hansısa Qeyri-Hökumət Təşkilatında birləşən və özlərini heyvan haqlarının müdafiəçisi kimi təqdim edən "heyvansevərlər" camaatı təlaşa salan bu təhlükələrdən nəticə çıxarıb, yalandan respublikanın bütün bölgələrinin hər addımında sahibsiz itlərin məhvini pisləyərək, bunu təbiətin qətliamı kimi qələmə verməsinlər. Çünki sahibsiz itlər əlindən yaranan dözümsüz narahatlığa nəinki paytaxt küçələrində, eləcə də respublikanın bütün yaşayış məntəqələrində şahid olmaq mümkündür. Bu qeyri-yaşayış şəraitinin camaatın normal fəaliyyət göstərməsinə imkan vermədiyi də danılmazdır. Respublikanın bu ciddi probleminin humanist yollarla həll edilməsi mümkün olmadığı üçün, istərdik ki, adlarını "heyvansevərlər təşkilatları" qoyanlar itlərə yox, insanlara daha çox diqqət ayırsınlar. Axı, insanlar itlərdən dəyərlidir. Peyğəmbər Əfəndimiz də deyib ki, bir heyvan insan taleyi üçün təhlükə törədirsə, onu öldürmək günah hesab olunmur.

Məhi ELSEVƏR, 
araz.az xəbər portalının xüsusi müxbiri