"Azərbaycan prezidenti Vyanada Paşinyana dərs verdi"



 

Mübariz Əhmədoğlu: "Azərbaycan tərəfin danışıqların farmatının dəyişdirilməsi təklifinə qarşı sərt və haqlı mövqieyi qarşı tərəfə tarixi dərs verdi"

 Azərbaycan və Ermənistan rəhbərliyinin Vyana görüşü əksər ekspertlər tərəfindən bir protokol proseduru kimi qiymətləndirilirdi. Ekspertlər onu əsas gətirirdi ki, Rusiya ilə Ermənistan arasında münasibətlər müəyyənləşdirilməyənə qədər, bu formatda təşkil edilən görüşlərdən ciddi nəticələr gözləmək əbəsdir. Nəzərə alsaq ki, Ermənistan de-fakto müstəqil dövlət deyil - Rusiyanın for-postudur, bu ekspertlərin qənaəti ilə razlaşmamaq mümkün deyil. Lakin vasitəçilərin təklifini qiymətləndirərək bu danışıqlara yollanmaq da, müəyyən qədər məntiqlidir. Danışıqlar prosesi konfedensial şəraitdə keçdi, hər iki dövlət başçısı nəticələrdən məmnunluq ifadə etdilər, lakin detallar barədə məlumatlar məhdud oldu. Artıq bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev bu barədə bir qədər detalları açıqladı. Belə ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşdə çıxışı zamanı bildirdi ki, son Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatını bir daha təsdiqlədi.

İlham Əliyev bildirib ki, bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır: "Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə "Dağlıq Qarabağ respublikası"nı tanımayıb, əminəm ki, tanımayacaqdır.

Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyətə bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir".

Dövlətimizin başçısı vurğulayıb ki, münaqişə Ermənistan ilə Azərbaycan arasındadır: "Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi".

Artıq zaman keçdikcə hər iki ölkə başçısı bir sıra detallar barədə danışmağa başlayıb. Bəs siyasi təhlilçilər bu görüşün nəticələrini necə qiymətləndirir?

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bizimlə söhbətində bildirdi ki, Ermənistan rəhbərliyi danışıqlar prosesinə qədər öz məkirli niyyətlərini həyata keçirmək üçün müxtəlif variantlardan istifadə etsələr də, Azərbaycan prezidenti Vyanada Paşinyana dərs verdi: "Ermənistan siyasi rəhbərliyi Rusiya vasitəsi ilə öz xeyirlərinə nələrisə dəyişməyə cəhd edirdi ki, bunun üzərindən özünün Qarabağ siyasətinin piyarını qura bilsin. Lakin Azərbaycan tərəfinin danışıqların farmatının dəyişdirilməsi təklifinə qarşı sərt və haqlı mövqi qarşı tərəfə tarixi dərs verdi. Rəsmi İrəvanın Dağlıq Qarabağ tənzimlənməsindəki siyasətinin iki istiqaməti olub, elə indi də eyni  xətt davam edir. Birinci istiqamət imitasiya, görüntü yaratmaqdır ki, bu işdə Sarkisyan çox mahir mütəxəssis idi. Paşinyan isə bu rolun icrası üçün çox pis, yerində olmayan aktyordur. Ermənistanın ikinci strategiyasının məğzi gündəliyi dəyişməkdir. Onlar artıq 9 ildən çoxdur - yenilənmiş Madrid prinsipləri ortaya çıxandan bəri, "DQ"-nın üçüncü tərəf kimi danışıqlara prosesinə qatılması tələbini təkrarlayırlar. Yenilənmiş Madrid prinsipinin müəllifi isə o vaxtki Rusiya prezidenti Dimitri Medvediyevdir. 10 iyul 2009-cu ildə İtaliyanın Akvil şəhərində G-8 sammitində Madrid Prinsiplərinin Yenilənmiş variantını qəbul etdilər. ABŞ-ın sabiq prezidenti B.Obamanın mətbuat xidməti tərəfindən yayılan Madrid Prinsiplərinin Yenilənmiş variantı mətbuatda "Yenilənmiş Madrid Prinsipləri" adını aldı. Madrid Prinsiplərinin Yenilənmiş variantı adlı sənədin birinci elementi və ya maddəsi Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasını təsbit edir. Bununla yanaşı həmin sənəddə "DQ"-yə yalnız Azərbaycanın sərhədləri daxilində aralıq statusu verilə bilər. Bu danışıqlarda Paşinyan özünü S.Sarkisyanın xələfi kimi apardı.

2011-ci ildə keçirilən Kazan görüşündə S.Sarkisyan dedi ki, Azərbaycan prezidenti 10 şərt irəli sürüb, o şərtlər geri çəkilməyənə qədər Ermənistan danışıqlarda iştirak etməyəcək. Lakin ilyarımdan sonra Azərbaycan prezidenti erməniləri yenidən danışıqlar masasına oturtdu. 2016-cı ilin aprel döyüşlərindən sonra Sarkisyan bəyanat verdi ki, cəbhə xətti döyüşlərdən əvvəlki mövqelərə qayıtmıyana qədər Ermənistan danışıqlarda iştirak etməyəcək, lakin bir neçə ay sonra danışıqlar baş tutdu. 2017-si ildə danışıqları pozmaq üçün Fizuli rayonunun yaşayış məskənləri artilerya atəşinə tutuldu, amma bu təxribat danışıqları poza bilmədi. Vyana görüşü ərəfəsində də qoşunların təmas xəttində analoji təxribatlar törədildi, hər iki tərəf itki verdi. Buna baxmayaraq, görüş baş tutdu və danışıqlardan sonra Paşinyan Avstiryada erməni icması ilə görüşü zamanı dilə gətirdi ki, ikitərəfli danışıqlar nəticəsində humanitar aksiyalar keçirməyə razlaşdıq. Danışıqların tarixi yazılarkən Viyana görüşü xüsusi diqqət çəkəcək, çünki o 2016-cı ilin may ayındakı Viyana görüşünə istinad etmədi, onun gündəliyini ləğv etdi. Həmin vaxt qərara alınmışdı ki, təmas xəttində müşahidə missiyası genişləndirilsin və xüsusi qurğular quraşdırılsın".

Politoloq vurğuladı ki, danışıqlar prosesi de-yure Azərbaycanın istədiyi kimidi, sadəcə bu sənədləri reallıqda tətbiq etmək gərəkir: "Humanitar tədbirlərin həmsədrilər tərəfindən Paşinyanın boynuna qoyulması bu istiqamətdə bir addımdır. Paşinyanın Avstryadakı bəyanatından belə başa düşülür ki, Ermənistanın Kaviş rayonunun Votsepar kəndinin sakinləri ilə Tovuzun Əlibəyli kəndinin sakinləri arasında görüş keçriləcək. Amma belə görüşlərin danışıqlara təsir etməsi üçün onu münaqişədən əziyyət çəkən ailələr, Dağlıq Qarabağdan qaçqın düşmüş azərbaycanlı ailələrlə oranın erməni sakinləri arasında təşkil etmək lazımdır. Bununla yanaşı, tərəflərin 2011-ci il Həştərxan razılaşmasına əsasən tərəflər əsir və girovları qeyd-şərtsiz azad etmək barədə  öhtəlik götürüblər. Paşinyan bu humanitar öhtəliyə səmimiyyətin göstərmək üçün yaxın zamanlarda Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməlidir. Biz həmişə hamını hamıya prinsipi ilə əsirləri azad etməyə hazırıq".

Sonda politoloq qeyd etdi ki, digər həmsədrilər də bilir ki, münaqişənin həllində "birinci skripka" Rusiyanın əlindədir, ona görə biz də Moskva ilə ölçülü-biçili danışmalıyıq. Onun sözlərinə görə, zaman-zaman Rusiyanın Ermənistana qaz verməsi və digər himayədarlıqları müzakirəyə çıxırıb, lakin əsaslı şəkildə məsələ qaldırıb, həlli yolların göstərməyib.

Akif Nəsirli