Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sosial məsələlərin önündə dayanır



 

Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial layihələr reallaşdırılıb

 Biz erməni qəsbkarlarının işğalı nəticəsində doğma yurd yerindən didərgin düşən soydaşlarımızın ağrılarını birlikdə çəkmişik. Müharibənin yaratdığı qaçqın və məcburi köçkün probleminin həllini də ümumi vəzifəmiz hesab etmişik. Bu problem əslində, vahid Azərbaycanın dərd-kədəridir. Bərabər olmuşuq hər məqamda, çünki, müdriklər demiş, "bölüşdüyün bir kədər yarı-yarıya azalar".

Çətin günlərimizdə bir-birimizə soydaş, yurddaş kimi dayaq durmaq əslində, hamımızın vətəndaşlıq, yurd-yuvasından məhrum olan soydaşlarımıza evimizdə, qəlbimizdə yer verməksə, mənəvi borcumuzdur. Dövlət də həmin insanların qayğı və problemlərinin həll edilməsini öz siyasətinin əsas tərkib hissəsi hesab edərək çoxsahəli tədbirlər həyata keçirir.

...İllər öncə paytaxtdan üzü bölgələrə tərəf yol kənarında sıralanan, yaşamağa o qədər də yararlı olmayan tikililər artıq zamanın yaddaşına köçüb. Məcburi köçkünlərin müvəqqəti yaşamaq üçün tikdiyi daxmaları indi ölkə boyu inşa edilən binalar, fərdi evlər əvəz edir. Çünki qaçqın və məcburi köçkünlərin üzləşdiyi sosial və digər problemlər həmişə diqqətdə saxlanılıb. Bu insanların müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi ilə bağlı indiyədək mühüm tədbirlər həyata keçirilib. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial layihələr reallaşdırılıb. Fundamental insan hüquq və azadlıqları - yaşamaq, mülkiyyət, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, vicdan azadlığı, zərərin ödənilməsini tələb etmək və s. hüquqları pozulan bu insanlar üçün dövlət səviyyəsində işlər görülüb. Əhalinin bu həssas təbəqəsinin bütün ehtiyaclarını ödəmək üçün hüquqi, sosial-iqtisadi sahədə tədbirlər həyata keçirilib.

1999-cu ildə "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanun, eləcə də, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə"1998-ci il 17 sentyabr tarixli prezident sərəncamıyla Dövlət Proqramı qəbul edilib. 1999-cu ilin 6 dekabrında isə, ölkə prezidentinin fərmanıyla dünya təcrübəsində ilk dəfə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olunub.

Bu tədbirlər məcburi köçkünlərin sosial problemlərinin həllində, yeni iş yerlərinin açılmasında, onların həyat şəraitinin yüksəlməsində müstəsna rol oynadı. Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqı, həmçinin kommunal və digər xidmətlərin ödənişindən azad edildilər.

Dövlət Neft Fondundan ayrılan 16.6 milyon manat həcmində ilk vəsait hesabına sifarişçi təşkilat olan Azərbaycanın İşğaldan Azad Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən daimi məskunlaşmayan qaçqınlar üçün Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində, Şəmkirdə, Yevlaxda, Ağstafada, İsmayıllıda, Oğuzda, Şəkidə, Gədəbəydə, Sumqayıt və Bakıda, Naxçıvanda evlər tikildi, qəsəbələr salındı. Qaçqınlar və məcburi köçkünlər yeni qəsəbə və evlərə köçürüldü.

Yenə də Dövlət Neft Fondundan ayrılan vəsait hesabına Ağdamın Quzanlı ərazisində, Xındırıstanda, Ayaq-Qərvənddə, Ergidə dörd qəsəbə salındı, iki məktəb binası, iki tibb məntəqəsi, dörd uşaq bağçası tikildi, kommunikasiya təchizatı yaradıldı, qəsəbədaxili yollar çəkildi. Füzuli rayonunun Haramı ərazisində dörd qəsəbə, dörd məktəb binası və tibb məntəqəsi, poçt binası, iki uşaq bağçası inşa edildi. Biləsuvar rayonu ərazisində isə altı yaşayış qəsəbəsi salındı, altı məktəb binası, uşaq bağçası, beş tibb məntəqəsi tikildi. Hər bir ailəyə həyətyanı və əkin sahələri ayrıldı, onlara kənd təsərrüfatı işləriylə məşğul olmaq üçün əvəzsiz maliyyə yardımı verildi. Məcburi köçkünlərin həyat səviyyəsinin aşağı olmasını nəzərə alaraq, regionlarda yoxsulluğun azaldılması və iqtisadi inkişaf layihələrinə onlar da cəlb edilməyə başladı. Mikrokreditlərin verilməsi, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatıyla məşğul olan ailələrə torpaq sahələrinin ayrılması, heyvandarlıq təsərrüfatının və emal müəssisələrinin yaradılması, bu ailələrdən olan gənclər üçün peşə təlimi və digər proqramlar həyata keçirildi. Eləcə də, təhsil, səhiyyə proqramları, yararsız binalarda fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələri üçün yeni binaların tikintisi reallaşdırıldı.

2007-ci ildə 12 çadır düşərgəsinin ləğv edilməsiylə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyə qədər 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan qəsəbə və yaşayış kompleksləri salınıb. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün bugünədək 7,1 milyard manat xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit verilib. Mikrokreditlərin əksəriyyəti əkinçilik, bitkiçilik, arıçılıq, heyvandarlıqla bağlı layihələrə istiqamətləndirilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər səhələrdə daimi işlə təmin edilib.

Dünya Bankı layihəsi çərçivəsində isə 2008-2011-ci illər ərzində məcburi köçkün gənclərin iqtisadi inkişafına və sosial inteqrasiyasına xidmət edən 101 icma mikrolayihəsi həyata keçirilib. Mikrokredit proqramları ilə 21480 nəfər məcburi köçkünə sahibkarlıq fəaliyyətiylə məşğul olmaq üçün maddi vəsait verilib. Ümumilikdə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun həyata keçirdiyi layihələr nəticəsində 28651 nəfər məcburi köçkün işlə təmin olunub və gəlir əldə etmək imkanı qazanıb.

Dövlət başçısının 14 sentyabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq, 2011/2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyyələrinə yeni qəbul olunan və ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qaçqınların və məcburi köçkünlərin məşğulluq proqramı da prioritet hesab edilir. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın müvafiq bəndlərinə

əsasən, onların işlə təmin edilməsi və digər istiqamətlərdə işlər görülüb. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttiylə iki min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinə 44,3 milyon manat məbləğində güzəştli kredit verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 2018-ci il iyunun 22-də Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində əmək yarmarkası keçirilib. Məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi daşıyan bu tədbirdə 70 müəssisədən 532 vakant iş yeri təqdim edilib. Yenə də bu iki qurumun birgə təşkilatçılığı ilə 2018-ci ilin oktyabrın 26-da məcburi köçkünlərin kompakt yaşadığı Lökbatan qəsəbəsində əmək yarmarkası keçirilib. Bu tədbirdə 68 müəssisədən 462 vakant iş yeri təqdim edilib ki, onun 393-ü özəl, 69-u dövlət sektoruna aid olan müəssisələr olub.

2017-ci ilin 9 mart tarixində keçirilən, Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında məskunlaşan qaçqın və köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirədə Birinci vitse-prezident Mehriban Əliyeva qəzalı binalardakı insanların həyat şəraitinin yaxşılaşdırılmasıyla bağlı tapşırıq verib. May ayında isə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksinin təməli qoyulub. Abşeron rayonunun Masazır, Mehdiabad qəsəbəsində, Sabunçu rayonunun Ramana qəsəbəsində 470 mənzil məcburi köçkünlərə təqdim edilib.

Bu tədbirlər davam etməkdədir. Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi isə 2018-ci ilin dekabrın 24-də istifadəyə verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksinin açılış mərasimində iştirak edib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev mərasimdə bildirib ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama əsasən, Sumqayıt ərazisində yataqxanalarda müvəqqəti məskunlaşan 2900 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi qərara alınıb. Məhəllənin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa edilib. Yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir.

Prezident İlham Əliyev mərasimdəki çıxışında qeyd edib ki, məcburi köçkünlərin problemləri daim diqqətdədir və son illərdə onların həlli istiqamətində böyük addımlar atılıb. Dövlət başçısı məcburi köçkünlərin problemlərinin sosial məsələlər arasında ön planda olduğunu, bu məqsəd üçün dövlətin çox böyük vəsait xərclədiyini, üç yüz minə yaxın köçkünün yeni mənzil və fərdi evlə təmin edildiyini söyləyib. Belə ki, 2018-ci ildə 5800 köçkün ailəsi üçün fərdi ev və mənzil tikilib. 2019-cu ilin dövlət xərclərində də köçkünlərin problemlərinin həlli üçün böyük vəsait nəzərdə tutulub.

Cocuq Mərcanlı qəsəbəsində də keçən il işin ikinci mərhələsi başa çatıb. 2017-ci ildə Cocuq Mərcanlıda 50 evlik qəsəbənin açılışı olub, bir il sonra isə əlavə 100 evin tikintisi həyata keçirilib. Tərtər rayonunun Şıxarx qəsəbəsindəki şəhərcikdə hündürmərtəbəli binalar tikilib. Prezident

vurğulayıb ki, bu iki layihənin əhəmiyyəti ondadır ki, onlar məhz vaxtilə işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda salınıb. O, işğal altında olan torpaqlar azad ediləndən sonra orada gözəl şəhərlərin, kəndlərin yenidən qurulacağına əminliyini bildirib. "Mən bilirəm ki, burada yaşayacaq vətəndaşlar çox ağır şəraitdə yaşayıblar" deyən dövlət başçısı, çıxışını "İndi burada gözəl şərait yaradılır. Ancaq yenə də bu, müvəqqəti yaşayış yeridir, gün gələcək belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda açılacaqdır" kimi yekunlaşdırıb.

Bəli, sözügedən insanların kədəri kimi, yurda qayıdış sevinci də hamımıza aiddir. Öz növbəmizdə bir qrup olaraq yayda Cocuq Mərcanlıya, tətillərini öz yurd-yuvasında keçirən məktəblilərə qonaq getmək niyyətindəyik. Necə deyərlər, "Bölüşdüyün hər sevinc də iki qat artar"...

 Nigar Vaqifqızı

 Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap olunub.