Gənc idmançılarımız İranda müvəffəqiyətlə çıxış ediblər



 

Cəsur Mehdiyev qızıl medala sahib olub

 Güləş ölkəmizdə ən geniş yayılmış idman növlərindən biridir və bu sahədə qazandığımız uğurlar da çoxdur. Bununla belə gənclər və yeniyetmələr arasında bu idman növü Beyləqan rayonunda da öz populayarlığını qoruyub saxlaya bilib. Və çox sevindirici haldır ki, bu idman növündə beynəlxalq yarışlarda qələbə qazananlar arasında yeni adlara rast gəlirik. Belə adlardan biri də, bu günlərdə İran İslam Respublikasında Yunan- roma güləş növü üzrə komandalararası yarışda qızıl medal qazanan Cəsur Mehdiyevdir.

Məlumdur ki, qədim dövrlərdən bu yana, xalqımızın əsas idman növü hesab olunan-güləş bu gün də gənclərimiz arasında çox sevilir. Güləşdə əsas məqsəd rəqibin kürəyini qısı müddətdə yerə vurmaq hədəfi daşıyır. Bu gün bu qədim idman növündən təsadüfən söhbət açmadıq. Şəhid Ələmdar Rzayev adına Beyləqan rayonu Dünyamallar kənd 2 saylı tam orta məktəbində təhsil alan Mehdiyev Cəsur Vəfadar oğlu bu günlərdə İran İslam Respublikasının Ərdəbil şəhərində Azərbaycan və İran arasında keçirilən Yunan-roma güləş növü üzrə komandalararası yarışda müvəffəqiyyət qazanaraq, ölkəmizin adını yüksəklərə qaldırıb. Adı kimi özü də cəsur olan Cəsur Mehdiyevin bu sevincini oxucularımızla bölüşmək məqsədilə qalib idmançımızla görüşdük və səfər təəsüratlarını bizimlə bölüşməsini istədik. Hələ uşaq yaşlarından idmana marağı olan Cəsur Mehdiyev "Paralel" qəzetinə danışaraq dedi ki; "10-12 yaşlarımdan, idmanın sirlərinə dərindən bələd olmadığım vaxtlarda Yunan-roma güləşi üzrə məşqlərə gedir və həmyaşıdlarımla çox həvəslə, yorulmadan güləşirdim."

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində, Azərbaycan Dövlət Pedaqoji Kollecin 1-ci kurs tələbəsi olan Cəsur Mehdiyevin 18 yaşı var. Hazırda "Neftçi" İdman Klubunda Yunan-roma güləş növü ilə məşğuldur. Fevralın 25-də İranın Ərdəbil şəhərində Ərdəbil və Azərbaycan komandaları arasında keçirilən yarışdan vətənə qızıl medala dönüb. Atil Hüseynovun tələbələri olan 15 idmançının arasında Cəsurun qızıl medal alması, heç şübhəsiz ki, ilk növbədə onun məşqçisi Atil Hüseynovu sevindirir. Çünki hər bir idmançı məşqçinin gərgin əməyi və özünün əzimkarlığı sayəsində yüksək zirvələr fəth edə bilir. Cəsurun bu qələbəsi də, yalnız onun valideyinlərinin deyil, bütün Azərbaycan xalqının sevincidir, qələbəsidir. Cəsur deyir ki; "Komandamızın ab-havası daim yüksək səviyyədədir. Bəzən güləş zamanı aldığımız zədələrə baxmayaraq, qatıldığımız yarışlardan medalla, yüksək nailiyyətlərlə dönmək əzmi ilə var gücümüzlə çalışırıq. Harada, hansı komandada fəaliyyət göstərməyimdən asılı olmayaraq hər zaman Azərbaycanımızın adını yüksəklərdə tutmağı özümə ilk növbədə vətəndaşlıq borcu hesab edirəm".

Azərbaycan xalqı da Cəsur kimi idmançıları ilə fəxr edir. Cəsurun bu qələbəsi, həm də dövlətimizin gənclərə, ələlxüsus da gənc idmançılara diqqət və qayğısının nəticəsidir. Son illər Dövlətimizin başçısı

İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc idmançılara diqqət və qayğısı göz önündədir.

 Şahnaz Salehqızı