Moskva nüvə silahına əl ata bilər?!



 

Elxan Şahinoğlu: "Amerika Rusiyanı məcbur edir ki, daha çox silahlanmaya pul ayırsın,

bununla da iqtisadiyyatı zəifləsin, dağılsın - vaxtı ilə SSRİ-ni də bu cür dağıtmışdılar"

 

Elman Nəsirov: "Rus generalının bu bəyanatı siyasi-psixoloji təzyiq elementi kimi qiymətləndirilə bilər"

 Картинки по запросу Elxan Şahinoğlu

Elxan Şahinoğlu

Картинки по запросу Elman Nəsirov 

Elman Nəsirov

 

Müasir dünyada ABŞ və Rusiya arasındakı qarşıdurma hələlik üçüncü ölkələr ərazisində aparılan himayədarlı müharibələr və siyasi polemika səviyyəsində inkişaf edir. Vaxtaşırı olaraq Rusiyanın müxtəlif mərkəzləri Amerikanı və onun Avropalı müttəfiqlərini nüvə raketləri ilə hədələyir. Belə hədələrdən biri isə bu günlərdə Rusiyanın Raket və Artilleriya Elmləri Akademiyasının direktor müavini Konstantin Sivkov tərəfindən dilə gətirilib. O, deyib ki, Rusiya ordusu üçüncü ölkə ərazilərində regional müharibə baş verəcəyi halda ABŞ və NATO qüvvələrinə qarşı müqavimət göstərmək gücündədir. O, bu vəziyyətdə NATO-nun ən çox 2500 qırıcı, 1500 helikopter və 600 Pilotsuz Uçan Aparat (PUA) səfərbər edə biləcəyini və 2500-dən çox raket atacağını qeyd edib: "NATO-nun hava hücumları 3-5 gün davam edəcək və bu əsnada 9 dəfə intensiv raket zərbələri endirə biləcək. Bu hücumların qarşısının alınması əsas məsələdir. Hesab edirəm ki, rus ordusu ABŞ və müttəfiqləri ilə müharibəyə girmək üçün kifayət qədər ağır döyüş təyyarələrinə, hücum qırıcılarına, strateji qırıcılara və döyüş helikopterlərinə sahibdir. Lakin Rusiyanın operativ döyüş təyyarələri, uzaqmənzilli raketlər, uzaqmənzilli radar müşahidə təyyarələri və digər vasitələr baxımından kifayət qədər ehtiyata malik olmadığını deyən K. Sivkov qeyd edib: "Uzunmüddətli qlobal müharibə vəziyyətində Rusiya təyyarə, helikopter və canlı qüvvə sayı baxımından NATO-ya qarşı uzunmüddətli müqavimət göstərə bilmək gücündə deyil. Lakin bu vəziyyətdə nüvə cəbbəxanası Rusiyanın köməyinə çata bilər. Ordumuzun dağılması ehtimalı ortaya çıxacağı və ölkəmizin suverenliyinə qarşı təhdid yaranacağı halda, nüvə silahlarına əl ata bilərik".

Sivkovun haqqında sakit tərzdə danışdığı bu proses bəşəriyyətin yer üzündən silinməsinə gətirib çıxara biləcək qədər təhlükəli hadisədir.

Rusiya doğrudanmı bu məsələyə qol qoyar, yoxsa sadəcə olaraq, bu "soyuq müharibənin bir elementidir?

Rəsmi Moskva cəmi 200 milyardlıq dövlət büdcəsi ilə toplam büdcəsi onlarla trliyon dollarla ölcülən boyük bir «derjava» ilə üzbəüz dayanıb.

Məsələlərə aydınlıq gətirmək üçün "Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna müraciət etdik. Politoloq bildirdi ki, Rusiyada müəyyən mərkəzlərin, siyasilərin və politoloqların Amerika və onun müttəfiqlərini hədələməsi ilk dəfə deyil: "Bu əslində, Rusiyanın gücsüzlüyündən irəli gəlir. Rəsmi Moskva çox gözəl anlayır ki, o ABŞ-la ayaqlaşa bilmir, Amerika varlı dövlətdir, super-gücdür. Fikir verin, V.Putin dünənki çıxışında bir tərəfdən deyib ki, güclü raketlərimiz var, biz ABŞ-ı da hədəfliyə bilərik, digər tərəfdən etiraf edir ki, Rusiyanın 19 milyon yoxsul vətəndaşı var. Amerika Rusiyanı məcbur edir ki, daha çox silahlanmaya pul ayırsın, bununla da iqtisadiyyatı zəifləsin, dağılsın - vaxtı ilə SSRİ-ni də bu cür dağıtmışdılar. Əslində, Rusiya hazırda buna doğru gedir. Artıq 18-ci ildir Putin qısa fasilə ilə hakimiyyətdədir, amma iqtisadiyyatda elə bir nəzərəçarpacaq uğur qazana bilməyib. Hərbidə müəyyən uğurlara imza ata bilib, bu da vətəndaşların böğazından kəsilən milyardların hesabına başa gəlib. Bu 18 ildə Rusiya iqtisadiyyatı hansı uğurları qazana bilib, ciddi iqtisadi problemlərini həll edə bilibmi? Əsas problem budur. Rusiya hökuməti bu problemlərini həll edə bilmədiyindən çıxış yolu kimi zaman-zaman Amerikanı və onun Avropadakı rəqiblərini hədələməyə çalışır. Amma nüvə müharibəsinin reallaşmasını ciddi hesab etmirəm. "Soyuq müharibə"yə gəldikdə isə, indi vəziyyət o illərdəkindən də ağırdır. O zaman dünya ikiqütblü idi, indi isə həm qütblərin sayı artıb həm də oyun qaydaları dəyişib".

Politoloq Elman Nəsirov məsələyə münasibət bildirərkən qeyd etdi ki, müasir dünyanın beynəlxalq hüququnda çox ciddi problemlər var və bu bəyanatın ortaya çıxması da həmin o problemlərdən qaynaqlanır: "Faktiki olaraq müasir beynəlxalq hüquq "güclü haqlıdır" məntiqi ilə işləməkdədir. Bununla yanaşı, sözügedən bəyanat onu deməyə əsas verir ki, bir qədər öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dedikləri özünü təsdiqləyir. O, özünün son çıxışlarından birində qeyd etdi ki, bizim hərbi büdcəmiz 46 milyard dollar, ABŞ-ın hərbi büdcəsi 716 milyard dollar, NATO ölkələrinin toplam hərbi büdcəsi 1 trilyon dolları ötüb-keçir. Bu o deməkdir ki, ABŞ və müttəfiqləri hərbi büdcə baxımından Rusiyanı on dəfələrlə üstələyir. Amma başqa bir həqiqət də var ki, dünyada olan bütün nüvə başlıqlarının 95 faizi Rusiya və Amerikanın hərbi arsinalında cəmləşib. Qalan 5 faiz isə Böyük Britaniya, Fransa, Çin, Şimali Koreya, Hindistan və Pakistanın payına düşür. İndiki şəraitdə Rusiyanın gücü ABŞ və müttəfiqlərindən çox azdır. Lakin Nüvə silahı baxımından ABŞ və Rusiya arasında bərabərlik işarəsi var. Buna baxmayaraq, nüvə müharibəsi hər iki tərəf üçün arzuolunan deyil. Rus generalının bu bəyanatı siyasi-psixoloji təzyiq elementi kimi qiymətləndirilə bilər. Hələ "soyuq müharibə" dönəmində Sovet İttifaqı ilə Amerika arasında bir çəkindirmə siyasəti var idi. Bunun nəticəsində iki böyük nüvə dövləti arasında nüvə müharibəsi baş vermədi.

Hesab edirəm ki, bu Qərb və Amerikanın Rusiyanı sıxışdırma siyasətinə adekvat reaksiyası, psixoloji müharibənin tərkib hissəsidir. Onlar göstərmək istəyir ki, Rusiya iqtisadi və hərbi baxımdan Qərb və Amerikadan nə qədər zəif olsa da, nüvə məsələsində onlar bərabər gücə malikdir və bu müharibədə qalib olmayacaq. General işarə edir ki, Rusiyanın sıxışdırılması rəsmi Moskvanın bu istiqamətdə müəyyən addımlar atmasına səbə ola bilər. Amma reallıqda buna inanmaq çətindir. Tutaq ki, Amerika və müttəfiqləri çox güclü olduğundan onlar Rusiyanı 50 dəfə məhv etmək iqtidarındadır, Rusiya isə heç olmasa rəqiblərini 5 dəfə məhv etmək imkanına malikdir. Belə olduqda, güclü olub 50 dəfə məhvetməklə, zəif olub 5 dəfə məhv etməyin fərqi aradan qalxır. Bu, tərəflər arasında gərginliyin səviyyəsini nümayiş etdirir və bu gərginliyin inkişaf etdirilməsi fəlakətə gətirib çıxara bilər. Ona görə də tərəflər pisxoloji və iqtisadi təzyiqlərdən əl çəkib danışıqlar masasına oturmalıdır".

Göründüyü kimi, dünyanın iki böyük qütbü arasındakı gərginlik günbəgün inkişaf etməkdədir. Rusiya pisixoloji bəyanatla, ABŞ və müttəfiqləri isə iqtisadi sanksyalar vasitəsi ilə bu gərginliyi qızışdırır. Bunun isə xəyali kluminasiya nöqtəsi bütün dünyanı məhv edə, bəşəriyyətin sonuna çıxa bilən nüvə müharibəsinin başlanması ola bilər. Lakin bu sonluq heç bir tərəf üçün arzuolunan deyil.

 Akif Nəsirli