“Qarabağ”ın baş məşqçisi, yoxsa veteran futbolçu?



 

“Neftçi” bu gün Azərbaycan milli komandasının baş məşqçisi təyin edilən “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu təbrik edib.

 “Qafqazinfo” xəbər verir ki, təbrikə diqqətçəkən məqam isə paytaxt klubunun Qurbanovu Ağdam klubunun baş məşqçisi kimi deyil, “Neftçi”nin veteran futbolçusu kimi təbrik etməsidir. 

İllərdir ki, “Qarabağ”da çalışan və uğurlar qazanan çalışdırıcının “ağ qaralar”ın veteran futbolçusu kimi təbrik edilməsi sosial şəbəkələrdə də etirazla qarşılanıb. 

 “Neftçi”nin veteran futbolçusu Qurban Qurbanov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Qurbanov 1996-1998, 2001-2005-ci illər ərzində “Neftçi” formasında 96 oyun keçirib, 69 qol vurub. “Neftçi”nin heyətində Azərbaycan çempionatının (1997, 2004, 2005) və ölkə kubokunun (2004) qalibi olmuş Qurban Qurbanov 1997-ci ildə Azərbaycan çempionatının ən yaxşı bombardiri olub. O, 1992-2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 68 oyunda 14 qol vurub. Məşqçilik karyerasına 2006/2007-ci illər mövsümündə “Neftçi”də başlamış Qurban Qurbanov 2007-2008-ci illərdə klubun idman direktoru vəzifəsində çalışıb.