“Qara siyahı” dolub, qoyaq kənara



 

Azərbaycanın sözünü bundan sonra “dron”lar deməlidir

 Yayılan rəsmi və qeyri-rəsmi məlumatlardan, faktlardan anlaşılan budur ki, Ermənistan və onun Qarabağdakı hərbiləşdirilmiş qondarma qurumu beynəlxalq arenada özünütəstiq və tanıtma istiqamətində ardıcıl və fəal iş aparmaqdadır. Məlum olduğu kimi, separatçı bölgənin ayrı-ayrı bölgələrdə dövlətlərə, o cümlədən güya münaqişənin ədalətli həllinə çalışan ATƏT üçlüyünün təmsil etdiyi ölkələrdə qeyri-rəsmi də olsa, nümayəndəliyi fəaliyyət göstərir, zaman-zaman qondarma qurumun rəhbər şəxsləri ABŞ, Fransa, Rusiya və digər ölkələrə rəsmi səfərlər edir, bəzən getdikləri dövlətlərdə yüksək səviyyəli görüşlər keçirirlər. Bütün bunlar azmış kimi, son günlər yayılan xəbərlərə görə, artıq separatçı qurum bölgə əhalisinin xaricə sərbəst gediş-gəlişinə imkan verən və dövlət rəmzlərindən hesab olunan xarici pasport dövrüyyəyə buraxıb.

 Ermənilərin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən kənar işğal olunmuş rayonlarında məskunlaşma apardığı da, bu günün hadisəsi deyil və hətta sosial şəbəkələrdə yayılan görüntülərdən də bəlli olur ki, düşmən nəinki gələcəkdə nerytral ərazi hesab oluna biləcək Laçın dəhlizi boyu, hətta Kəlbəcər ərazisində belə, infrastruktur yaradır, asfalt yollar çəkir. İstisu adlanan yerdə istirahət kompleksi inşa edir. Bunun da yozumu odur ki, bu günə qədər və bundan sonra da aparılacaq sülh danışıqları yumşaq desək boş şeydir, özünü aldatmaqdır. Belə görünür ki, düşmən tərəf Azərbaycanın münaqişə ilə bağlı verdiyi siaysi bəyanatları, o cümlədən Aprel döyüşləri və Naxçıvan əməliyyatının mahiyyətini ya dərk etmir, ya da kimlərəsə arxalanıb dərk etmək istəmir. Yəni onlar o qədər arxayındılar və inanmırlar ki, Azərbaycan istənilən vaxt üzdəniraq ,,qdq" ərazisindən kənarda, işğal altındakı bölgələrdə məskunlaşmanın qarşısını almaq məqsədilə beynəlxalq hüququn da yol verdiyi hüquqdan istifadə edə və sözügedən ərazilərə havadan sarsıdıcı zərbə endirə bilər.

Belə hesab edirik ki, Azərbaycan bu addımı atmalıdır. Ki, düşmən bu ilhaqın da Göycə-Zəngəzur kimi əbədi olmayacağını anlasın. Qondarma qurumun özünütəbliğ və özünütəsdiq istiqamətində atmağa çalışdığı növbəti addım (bu barədə qəzetimizin ötən sayında yazmışdıq-Ş.S) yay aylarına planlaşdırılan tanınmayanların-Avropadakı separatçı bölgələrin iştirakıya nəzərdə tutulan futbol turniridir. İlkin məlumata görə ,,qdq"ın ev sahibliyi etməyə çalışdığı bu yarışa daha 11 komanda qatılacaq. Bunlar Rusiyanın Ukraynadan qopardığı Luqans, Donetski yenə Rusiyanın patronajlığı altında fəaliyyət göstərən Abxaziya və Cənubi Osetiya, İtaliyanın Sardiniya və Padaniya Türkiyənin Van bölgəsində ilişib qalan və özünü ,,Qərbi Ermənistan" adlandıran bölgə təmsilçiləri, Ruminiyanın Sekey diyarı, Finlandiyanın Laplandiya bölgəsi, Fransanın Nitsa və Albaniyanın Çemeriya bölgəsinin təmsilçiləridir. Burada diqqət çəkən məqam odur ki, müstəqillik arzusunda olan bu separatçı bölgələr arasında, yalnız Rusiyanın becərdiyi bölgələr bu istəyi silah, zor gücünə, qan tökməklə reallaşdırmaq xətti seçib. Hesab edirik ki, Azərbaycan tərəfi separatizmin təşviqinə yönəlik bir ölkə olmadığını da əsas gətirərək bu tədbirin məhz onun yuridiksiyasında olan bölgədə keçirilməsinə heç bir halda yol verməməli, bu istiqamətdə diplomatık fəallığı artırmaqla yanaşı hərbi gücdən istifadə edilə biləcəyindək sərt şəkildə etirazını bildirməlidir. Bu konteksdə Xarici İşlər Nazirliyimiz də

artıq o "qara", "boz", "sarı" siyahını yazıb pozmağı dayandırmalı, ölkənin müdafiə naziri və Sərhəd Qoşunlarının komandanlığı ilə birgə təhdidedici yaxud çəkindirici bəyanat yaymalı və bu bəyanatı iştirakçı rəsmilərinə göndərməlidir ki, hazırda sülh yoxdur və qarşıduran tərəflər muharibə vəziyyətindədir. İstənilən təxribat böyük hərbi əməliyyatın başlamasına səbəb ola bilər ki, bu zaman Azərbaycanın Hərbi Hava Qüvvələri düşmənin silah sursatla təmin edən Ermənistandan gələn yollara zərbələr endirmək məcburiyyətində qalacaq. Hətta mümkündür ki, bəyanatı konkret addımlar atmaqla, məsələn, yarışlara bir neçə gün qalmış çəkindirici amil kimi Azərbaycan aviasiyasının bir bölüyü sərhəd boyu manevr uçuşları keçirsin, yaxud "dron"lardan istifadə olunsun ki, bəyanatın eləcə söz xatirinə deyilmiş söz olduğunu düşmən tərəf, eyni zamanda yarışa qatılmaq istəyən separatçıların idmançıları anlaya bilsin. Opponentlər yəqin ki, Rusiya amilini nəzərdən qaçırdığımızı bizə irad tutacaqlar. Təbii, Rusiya 200 il əvvəl olduğu kimi yenə ermənilərin himayəçisi rolunu oynayır və böyük ehtimalla əgər ABŞ bu dövləti öz təsir dairəsinə salıb Rusiyadan uzaqlaşdırmasa, rusları küsdürməsə, bu missiyanı gələcəkdə də davam etdirəcək. Amma bizim bu məsələdə Rusiyanın qarşısına qoya biləcəyimiz samballı arqumentimiz var: Necə olur ki, Rusiya  çaylar, okeanlar, dənizlər keçib Suriyada, Venesuelada öz maraqlarını silahla qoruya bilir, ancaq biz ərazi bütövlüyümüzə qarşı çıxan silahlı hərbi birləşmələri məhv etmək üçün ondan razılıq almalıyıq? Cənab Prezident İ.Əliyevin Rusiya prezident ilə dostluq əlaqəsini də nəzərə alsaq, ən azı bu məsələdə Rusiyanın səssiz qalacağına ümüd edə bilərik. Axı biz heç vaxt Rusiyanın müstəqillik tələb edən muxtar qurumlarını- Tatarıstan, Başqırdıstan, Çeçenistan, İnquşetiya, Kabardin-Balkan, uzaq Sibirdəki türk kökənli bölgələrin azadlıq tələbini dəstəkləməmişik. Yazdıqlarımızdan əlavə məsələ də bizim üçün qaranlıq qalıb. Maraqlıdır, görəsən erməni separatçıları açılışı Azərbaycan tərəfindən qadağan edilən Xocalı aeroportundan istifadə edirlərmi? Çoxdandır ermənilərin bu məsələni gündəmə gətirməmələrindən, susqunluq nümayiş etdirmələrindən belə başa düşmək olur ki, hər halda bizim "xox" gəlməyimizin əksinə, düşmən Milli Qəhrəman Əlif Hacıyevin son damla qanına qədər qoruduğu Xocalı aeroportundan heç bir təhlükə hiss etmədən arxayınca istifadə edir. Təəssüf bir daha təəssüf...

 Şahnaz Salehqızı