İki deputatın “Favorit” marketində 5 qəpik maxinasiyası – İttihamlar



 

“Mağazalarda bir qəribə hal var. Deməli, malın qiymətini məsələn, 1.55 manat qoyurlar. 1,60 verirsən, deyir ki, 5 qəpiyimiz yoxdur. Xüsusilə də bu hal “Favorit” marketdə daha tez-tez yaşanır.
Adama deyərlər, 5 qəpiyin yoxdu elə 1,50-ye ver də malı. Niyə sən 5 qəpiyindən keçmədiyin halda mən keçməliyəm?! Qiymətləri hər gün qaldırmaqları az deyil, bu üsula da əl atırlar”.

Palitika.Az xəbər verir ki, bu sözləri jurnalist Əli Rais Feysbukda yazıb. Onun sözlərinə görə, bu şəkildə müştərilərdən yığılan 5 qəpiklər böyük pulların dövriyyədə olması deməkdir.

Marketlər müştərilərdən qazandığı 5 qəpiklərlə gündəlik böyük məbləğdə mənfəət götürürlər. Xüsusən də, “Favorit” marketin bu kələyindən kütləvi narazılıq var.

Apardığımız araşdırma zamanı bəlli oldu ki, müxtəlif vaxtlarda mediada “Favorit” marketinin deputat Elmira Axudovanın oğlu Həbib Axundovun idarəçiliyində olduğu qeyd edilir. Daha doğrusu, Həbib Axundovun marketə şərik olduğu ehtimalı edilir.

“Favorit” marketlərində şərikin millət vəkili Hacı Madər Musayevə məxsus olduğu bildirilir. 2011-ci ildən fəaliyyətə başlayan “ARAZ SUPERMARKET” və 2008-ci ildən fəaliyyətdə olan “FAVORİT-MARKET” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar verib.

“Araz” Marketlər Şəbəkəsi Veysəloğlu Şirkətinə daxildir və sahibi Aydın Talıbovdur. Amma hələ ki, nəzarət deputatlarda olduğu deyilir. İki həmkarın şərikli biznesində isə 5 qəpiklik maxinasiya ilə böyük pullar dövr edir.

Palitika.Az xəbər verir ki, E.Axundovanın oğlu həmin marketin açılışında iştirak edib. Bu da marketlər şəbəkəsində Axundovların şərikliyini dolayısı ilə təsdiqləmiş olur.

Artıq sosial şəbəkələrdə də bu haqda şikayətlər qeyd olunur. Eləcə də redaksiyamıza “Favorit” marketlər şəbəkəsi haqda müxtəlif məlumatlar daxil olur.

Hacı Madərin və Elmira Axundovanın marketində müştərilər aldadılır. Vətəndaşlar vitrinlərdə yazılan qiymətlərlə kassada ödənilən məbləğ arasında kəskin fərq görürlər.

Sözügedən marketdə satıcılar çəkidə istehlakçıları aldadırlar. Belə ki, un, şəkər tozu, qənd, meyvə-tərəvəzi çəkərkən alıcılara kələk gəlirlər.
Alıcılar isə həmin an bunun fərqində olmasalar da, alıb evə apararkən market fırıldaqçılarının qurbanına çevrildiyini görürlər.

Bundan başqa vitrindəki qiymətlərlə kassada vurulan qiymət arasında çox fərq olur. Yəni vitrindəki qiymətlə kassadakı qiymət üst-üstə düşmür.

Qeyd edək ki, Axundovların adı tez-tez müxtəlif neqativ hadisələrdə çəkilir. Millət vəkilinin oğlunun adı qarışan 8 milyonluq dələduzluq işi hələ də davam edir və şəriki həbs edilib.

Eyni zamanda modelin dənizdə batması ilə bağlı H.Axundovun adı keçirdi. Deputat oğlunun dənizdə boğulan modelin yanında olduğu yazılırdı.

Bu dəfə isə qaçaqmal işində tutulan şəxs onlara qohum çıxıb.

Mətbuatda gedən son xəbərə görə, Rusiya Ali Məhkəməsi deputat oğlunun şəriki və yaxın ailə dostu, İnterpol xətti ilə axtarışda olmuş Elnur Rauf oğlu İbrahimovun Azərbaycana ekstradisiya edilməsi haqda yekun qərar çıxarıb.

Məsələnin mahiyyəti budur ki, H.Axundov və E.İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar.

Ümumilikdə 8 milyon manat pul toplanıb. Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend veriləcək.

Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər.