Problemli kreditlərin həlli yolu nədir?



 

Vahid Əhmədov: “Bu istiqamətdə müəyyən variantlar təklif etmişik”

 Problemli kreditlər ölkə vətəndaşlarının bu gün əziyyət çəkdiyi əsas çətinliklərdən biridir. Bəlkə də sosial sferada hazırda ondan böyük problem yoxdur. İstənilən problemin həll edilməsi məqsədiylə əhalinin vaxtilə ölkə banklarından aldığı kreditlər artıq ilkin mənasını itirib və həm vətəndaşların, həm də bankların başağrısına çevrilib. İllərdir bu məsələnin çözülməsi istiqamətində müzakirələr aparılır, rəsmi və qeyri-rəsmi müstəvidə yollar axtarılır.Fəqət müzakirələr uzanmaqda, vətəndaşlar üzücü gözlənti və nigaranlıq içində, problemli kreditlər isə yerində saymaqdadır.Aydın olan odur ki, vətəndaşlar problemlərini həll etmək üçün aldıqları kreditlərlə nəinki qabağa, daha çox geriyə düşüblər. Banklar da bu mənada ziyana düşdüklərini açıq şəkildə bəyan edirlər. Yəni ikinci tərəf olaraq banklarda da vəziyyət xoşagələn deyil. Çünki gəlirlərinin əsas faizi istehlak və biznes kreditləri üzərindən gələn faiz dərəcələriylə, komisyon haqları ilə formalaşan bankların gəlirləri azalıb. Bu və digər çətinliklərin yaranması nəticəsində, sonda onlar bağlanma problemiylə üz-üzə qalıblar ki, yaxın keçmişdə bunu da gördük. Qeyd edək ki, fəaliyyətində baş verən belə hallarla bağlı məsələləri həll etməkdə çətinlik çəkən, xərclərini ödəyə bilməyən bankların aktivlərdən istifadə, ehtiyat fondlarına toxunmamaq məsələsi də mövcud problemə mənfi təsir edir.

Problemli kreditlərlə bağlı digər bir məqam da var. O da əhali qrupunun yaranmış vəziyyətdə birbaşa bankları günahkar qismində görməsidir. Çünki bank sahibləri yaxın çevrəsindəki şəxslərə kreditləri aşağı faizlə, bəzi sahibkarlara və vətəndaşlara isə yüksək faizlə veriblər. Nəticədə orta kredit faizi 9-10 faizə çıxıb. Bank sistemində yazılmamış qanunlara görə, onlar özlərinə aid hissəni qaytarılması mümkün olmayan kreditlər kimi ləğv ediblər, bankın zərərini isə sadə vətəndaşlara yüksək faizlə verilən kreditlər hesabına ört-basdır ediblər. Hazırda bu sistem işlək olmasa da (çünki vətəndaşlar kreditlərini ödəyə bilmirlər), vəziyyət heç də müsbətə doğru dəyişmir. Ona görə də əhali qrupu problemli kreditlərin əsas hissəsini təşkil edən, bankların özlərinə ayırdığı vəsaitləri ödəmək niyyətində deyil. Amma bu heç də mövcud vəziyyəti dəyişmir. Banklar tərəfindən “özününkülər”ə aşağı faizlə, girovsuz verilən kreditlər də böyük bir yük kimi hazırda problemli kreditlər adıyla əhali qrupunun boynundadır.

Təəssüf ki, problemli kreditlərin sırasında əhalinin dollarla götürdüyü kreditlərlə bağlı verilən rəsmi qərarlar da onların xeyrinə olmayıb. Bir sözlə, elə bir mənzərə yaranıb ki, sanki bütün işlər görülüb, qərarlar verilib, əhali kreditlərini ödəməli, banklar da mövcud situasiyadan axır ki qurtulmalıdır. Amma vəziyyətdən çıxış yolu təkcə kağız üzərində qalmamalıdr. Manatın dollar qarşısında dəyərini itirən gündən böyüməyə başlayan problemin həlli üçün optimal variantlar da, yollar da var. Bir sözlə, banklar və vətəndaşlar hazırda bu problemi həll etmək iqtidarında deyil. Yalnız hökumətin məsələyə münasibət göstərməsi nəticəsində, bəlli dövlət proqramlarıyla problem həll edilə bilər. Bank sisteminin sağlamlaşdırılması, büdcəyə yük düşməməsi üçün nəhayət ki, müvafiq proqramlar hazırlanmalıdır.

Yeri gəlmişkən, bu istiqamətdə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bank kreditləri üzrə ödənişlərə güzəştin tətbiq edilməsinin əhalinin əsas arzusu olduğunu bildirib. Bu istiqamətdə mərkəzin hazırladığı təkliflər üç il öncə hökumətə təqdim edilsə də, güzəşt mexanizmindən səs-soraq yoxdur. İqtisadçı-ekspert hazırda ölkənin bank sektorunda problemli kreditlərin məbləğinin rəsmi olaraq 1 milyard 585 milyon manat təşkil etdiyini deyib. Vüqar Bayramov həmçinin, ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payının 12 faizdən çox olduğunu söyləyib. O deyib ki, ödənilməyən kreditlərin bir qismi banklar tərəfindən vaxtı keçmiş kreditlər kimi rəsmiləşdirilmir. Eyni zamanda, xarici valyutada olan kreditlərlə bağlı vəziyyət ürəkaçan deyil. Çünki üç il öncə manatın ucuzlaşmasıyla müşayiət olunan tendensiya dollarda olan kreditlərin həcminin böyüməsinə səbəb olub. İqtisadçı-ekspert bütün baş verənlərin nəticəsində problemli kreditlər məsələsinin həlliylə bağlı vahid proqramın qəbulunu vacib sayıb. Xarici təcrübədən sitat gətirən ekspert, ABŞ-da qlobal maliyyə böhranı baş verəndən sonra banklarda problemli kreditlərlə bağlı xüsusi proqram qəbul edildiyini deyib. Nəticədə, dövlət banklardakı toksid aktivləri və problemli kreditləri satın alıb və səhmləşdirərək bazara çıxarıb. Bu proqram çərçivəsində dövlət 450 milyard dollara yaxın vəsait xərcləyib. Rusiyada da problemli kreditlərlə bağlı güzəşt mexanizmi tətbiq edilib və kredit götürən şəxsə ödəniş üçün uzunmüddətli vaxt verilib. Ekspert bu iki ölkədən savayı, bir sıra ökələrdə də birbaşa və dolayı güzəşt mexanizminin tətbiq edildiyini söyləyib. Bütün bunların fonunda, o, Azərbaycanda da problemli kreditlərin dövlət tərəfindən satın alınmasını mümkün sayıb. Yəni dövlət həmin kreditləri alaraq qiymətli kağız formasında bazara çıxara bilər. Kreditlərə də güzəştlər tətbiq olunar. O, Rusiyada milli valyuta ucuzlaşandan sonra dövlətin xarici kreditlər üzrə yaranan fərqi ödədiyini və müştərinin güzəştli müddətlə kredit müqaviləsi rəsmiləşən günün məzənnəsiylə ödəniş etdiyini deyib. Ekspert ölkənin ağır probleminə çevrilən problemli kreditlərlə bağlı proqramın həllinə 1 milyard manatın lazım olduğunu da diqqətə çatdırıb. Sözügedən proqramın maliyyələşdirilməsi üçün isə, bu rəqəmin dövlət üçün ciddi maliyyə öhdəliyi yaratmadığını da qeyd edib. Çünki bu ilin dövlət büdcəsində xərclər əvvəlki illə müqayisədə 17 faizdən çox proqnozaşdırılıb.

Milli Məclisin deputatı Vahid Əhmədov bizimlə söhbətində sözügedən məsələnin mətbuatda və parlamentdə müzakirə olunduğunu diqqətə çatdırır. Qəzetimizə açıqlamasında millət vəkili qeyd edir ki, bu məsələylə əlaqədar həmkarı Əli Məsimli ilə təklifləri var: “Təkliflərimizi 2016-cı ildə hökumətə göndərmişik, amma hələlik baxılmayıb. Bu yaxınlarda Milli Məclisin plenar iclasında bununla bağlı məsələ qaldıraraq bir daha müraciət etdim ki, mövcud məsələyə baxılsın. Çünki son zamanlar cənab Prezident tərəfindən çox ciddi, humanist addımlar atılır və sosial sahəyə daha çox diqqət yetirilir. Ona görə də xahiş etdik ki, bu məsələyə də baxılsın”.

V.Əhmədovun fikrincə, həyatda mümkün olmayan heç nə yoxdur. Problemli kreditlərlə bağlı məsələ isə çox vacibdir. Çünki maliyyə bazarında müəyyən stabillik yaratmaq, insanların mövcud borclu durumunu aradan qaldırmaq, onların borcunun müəyyən hissəsinin silinməsi və digər məqamlarla bağlı müəyyən variantlar axtarılır: “Bu istiqamətdə müəyyən variantlar var ki, təklif etmişik. Amma hansının qəbul edilib-edilməyəcəyini deyə bilmərəm”.

 Nigar Orucova