"VİNTAGE MMC" İşədüzəltmə Şirkəti Bakıda onlarla insanı aldadıb - ŞİKAYƏT



 

Paytaxtda fəaliyyət göstərən "VİNTAGE MMC" İşədüzəltmə Şirkəti iş üçün müraciət edən onlarla insanı aldadaraq pullarını mənimsəyib.
 
Bu barədə Qaynarinfo-ya zərərçəkmiş şəxslər müraciət ediblər. Şikayətçi Bəşirova Nuranə Əvəz qızı özünə və həyat yoldaşına iş tapmaları üçün sözügedən şirkətə 20 manat pul ödədiklərini, lakin onlardan pul alan Kamran Ələsgərov ilə əlaqə saxlaya bilmədiklərini söyləyib.
 
"Rayondan iş üçün Bakıya gəldik. Bu şirkətə müraciət etdik və bizə qısa müddətdə müvafiq iş tapacaqlarını söylədilər. Ofislərinə getdik, lakin ofisin köçürüldüyünü eşitdik. İndi də bizdən pul alan şəxslərlə heç cür əlaqə saxlaya bilmirik. Halal zəhmətimizlə çalışıb pulumuzu qazanmaq istəyirik. Şirkətə verdiyim pulu başqasından borc kimi almışdım. O pulu necə qaytaracağımı bilmirəm. Bu barədə polisə də məlumat verəcəyik", - deyə o, bildirib.
 
Nuranə Bəşirovanın qardaşı da işə düzəlmək üçün 50 manat pul verdiyini, lakin şirkət işçilərinə aid olan telefonların heç birinə 1 həftədir ki, zəng çatmadığını deyib.
 
Aldadılan şəxslərdən biri də Şitiyeva Tinay Şamil qızıdır. O da rayondan iş üçün Bakıya gəlib. Tinay Şitiyeva isə həmin şirkətə 40 manat pul ödədiyini bildirib:
 
"Həmin şirkətin nümayəndəsi bir qız idi. Telefonunu da götürmüşəm. Mənə iş tapacaqlarına dair söz verdilər, amma səs-soraq yoxdur".
 
Şikayətçilərin verdikləri və internetdə şirkətə aid olduğu qeyd olunan telefon nömrələrinə dəfələrlə zəng etsək də, şirkətlə əlaqə yarada bilmədik.
 
Çingiz Səfərli